Mingəçevir Məscidinin Dini İcması Mingəçevir Media Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətin 100-cü ildönümü ilə bağlı gənclərlə ictimaiyyət nümayəndələrinin görüşünü təşkil edib. Bakı İslam Universitetinin məzunu Pünhan Hüseynov diqqətə çatdırıb ki, xalqımız Azərbaycanın müstəqilliyini qorumaq üçün zaman-zaman şəhid verib: “Aprel düyüşlərində də igid əsgərlərimiz əllərindən gələni etdilər və torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər”.
Mingəçevir Dövlət Universitetinin baş müəllimi İlhamə İsmayılova ulu öndər Heydər Əliyevin “Biz bir millət-iki dövlətik” fikrini səsləndirib: “Çanaqqala döyüşlərində Azərbaycan əsgərləri Türkiyənin yanında oldu. Rus və erməni separatçıları tərəfindən Azərbaycanı məhv olmaq təhlükəsi gözləyəndə isə türk əsgərləri köməyimizə çatdı. Başqa bir fakt. Ənvər Paşanın xanımı Nəzihəyə, Milli Qəhrəman Mübariz İbrahimovun anasına yazdıqları məktublar. Hər ikisi xalqa sevgi, vətənə məhəbbətlə yanaşı şəhid olmaq arzularını dilə gətirirdi”.
İ.İsmayılova onu da vurğulayıb ki, Həzrəti Hüseynin yolu qəhrəmanlıq yoludur və gənclərə aşılansa, işğal olunmuş torpaqlarımız tezliklə azad olar.
Yazar Sərdar Xankişiyev Qarabağ münaqişəsinin acı nəticələrindən danışıb. İlahiyyatçı, dinşünas Cavid Ələmdar isə bildirib ki, biz həm düşmənlərimizə, həm də dünyaya özümüzü yaxşı təhsillə tanıtmalıyıq: “İslamın birinci əmri “Oxu” olub. Alimin dəyəri daha üstündür. Çünki şəhidləri də alimlər yetişdirir”.
Cavid Ələmdar Qarabağ savaşında şəhid olanlarla bağlı sənədli filmlər çəkilməsinə ehtiyac olduğunu da vurğulayıb. Görüşün sonunda Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı yolunda şəhid olanların ruhuna ehsan süfrəsi açılıb.
Şərhlər bağlıdır.