Musiqi məktəbinin növbəti uğuru
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 2014-cü ilin aprel – may aylarında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsini təşkil edib. 2 turdan ibarət olan müsabiqə tar, kamança, kanon, qarmon, saz, balaban ixtisaslarında təhsil alan uşaq və gənclər arasında 3 yaş qrupu üzrə keçirilib.
600-dan çox müsabiqə iştirakçısının çıxışlarını respublikanın xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ramiz Quliyevin sədrliyi ilə akademiyanın professoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, respublikanın əməkdar artisti Vamiq Məmmədəliyev, Azərbaycan Milli Konservatoriyasının müəllimi, respublikanın əməkdar artisti Elşad Cabbarov, dosent Mübariz Əliyev və baş müəllim Məlahət Əliyevadan ibarət olan münsiflər heyəti qiymətləndirib.
Bu yaxınlarda Azərbaycan Dövlət Filarmoniyasında III Respublika müsabiqəsi qaliblərinin yekun konserti baş tutub. Həmin konsertdə Mingəçeviri Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin şagirdləri Zeynalabdin Əyyubov və Əhməd Hüseynov təmsil ediblər. Onlar X.Xanməmmədovun tar ilə simfonik orkestr üçün 2 və 3 nömrəli konsertindən 2-ci və 3-cü hissələri ifa ediblər. Şagirdlər müsabiqənin laureatları adını qazanıb və III dərəcəli diplomla mükafatlandırılıblar.
Zeynalabdin və Əhmədin tar müəllimi Tarıyel Hidayətovun yeniyetmələrin yaradıcılıq potensialının üzə çıxmasında böyük əmək sərf etdiyi danılmazdı. O, şagirdləri ilə fəxr etdiyini deyir: “İstənilən uşaqda istedad var. Müəllimin vəzifəsi onu üzə çıxarmaqdı. Təbii ki, bu da gərgin məşq nəticəsində ortaya çıxır”.
Şərhlər bağlıdır.