Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Su hövzələrində insanların təhlükəsizliyi təmin olunurmi?

İyunun 20-də Mingəçevir Media Mərkəzində “2014-cü ilin yay çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması\” mövzusunda tədbir keçirilib. Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin (ARM) ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Məzahir Qaçayev bildirib ki, bu gün yay mövsümü ilə bağlı çimərliklərin təhlükəsizlik baxımından tam hazır vəziyyətə gətirilməsi, mövcud ərazilərdə sanitar-gigiyenik qaydalara əməl olunması və əhalinin məlumatlandırılması, zərərçəkmişlərin xilas edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi basilica vəzifələrdən biridir.
ARM-nın mülkü müdafiə işinin təşkili şöbəsinin rəisi Elşən Bəşirov deyib ki, ictimai obyektlərdə, təhsil ocaqlarında və başqa yerlərdə əhalinin maarifləndirilməsi ilə bağlı izahat işləri aparılır: “İyunun 1-dən çimərlik mövsümü rəsmən başlayıb. Ona görə də bütün aidiyyatı qurumlar-polis, GEM, FHN və başqa təşkilatlar gücləndirilmiş iş rejiminə keçməklə bərabər və əlaqəli çalışmalıdırlar”.
ARM-nın ərazi orqanları ilə iş üzrə şöbəsinin baş zabiti Azər Mahmudovun fikrincə, nəzarətsiz çimərliklərdə ölüm halları daha çox olur: “Çünki orda xilasedicilər yoxdur. İnsanlar ailəsi ilə gəlib, sakit yer axtarır, “qadağan” işarəsi olmasına baxmayaraq, mühafizə olunmayan, təhlükəli ərazidə çimirlər. Hadisə olanda isə əməkdaşlarımızın olay yerinə çatması vaxt aparır və insan olümü ilə nəticələnir”.
“Mingəçevir işıqları”nın baş redaktoru Fərman Nəbiyev çimərlik ətrafında tikililərin aparılmaı, bir çox istirahət yerlərinə giriş üçün ödəniş tələb edilməsi, maşınlara park yerlərinin ayrılmaması ilə bağlı son vaxtlar redaksiyaya şikayətlər daxil olduğunu diqqətə çatdırıb.
“Bu gün çimərlik ərazisində maşınlarını saxlayanlardan pul tələb edilməsi zamanı nəzarətçi ilə istirahətə gələnlər arasında tez-tez mübahisələr baş verir. Konkret məbləğ müəyyənləşməsə də, hamıdan pul istənilir, əvəzində isə qəbz verilmir”. Bu barədə danışan şəhər Polis şöbəsinin əməkdaşı Anar Mirzəyev eyni zamanda təklif edib ki, çimməyə icazə verilən saatlar barədə də lövhələrə yazılı məlumatlar yerləşdirmək faydalı olardı.
Mingəçevir İcra Hakimiyyəti aparatının böyük məsləhətçisi Xanlar Qurbanov, Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Aran dalğıc axtarış qrupunun rəisi Kamil Allahverdiyev, Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən Natiq Cəfərov, Mənzil Kommunal Təsərüfat İB-dən Zaur Süleymanov və başqalarının çıxışlarında da maraqlı fikirlər səsləndirilib. Təkilf olunub ki, çimərliklərdə zibil qutularını artırmağa və nisbətən yaxın məsafələrdə yerləşdirməyə, ərazini zibilləyən vətəndaşlara qarşı inzibati tədbirlər görməyə ehtiyac var. Eyni zamanda “Sahil” parkındakı qayıqların sərnişinləri qeyri-münasib vaxtlarda gəzdirməsinə də toxunulub. Qeyd olunub ki, gecə saatlarında sərnişinlə dolu qayıqların hərəkəti təhlükəlidir, çünki qəza baş verəcəyi halda dərhal köməyə yetişəcək xilasediciləri tapmaq çətin olacaq.
Bundan sonra tədbir iştirakçıları Mingəçevir çimərliyinə baş çəkərək, ərazidəki vəziyyətlə və Aran dalğıc axtarış qrupunun fəaliyyəti ilə yerində tanış olublar. Onlar dalğıcların işini müsbət dəyərləndiriblər.

Aytən Kosayeva

Şərhlər bağlıdır.