MTK-da Dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə konfrans keçirilib
18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Tələbə gənclərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub, inşa yazı müsabiqəsi və idman yarışları keçirilib, eləcə də dəyrimi masa ətrafında müstəqillik uğrunda mübarizə tarixinə həsr olunmuş fəal müzakirələr aparılıb. Tədbirlər silsiləsinin ən maraqlı məqamlarından biri rəsm və əl işləri sərgisinin təşkili ilə bağlı olub. Sərgini ziyarət edən bayram tədbiri iştirakçıları biri birindən məzmunlu əsərlərə baxaraq xoş təəssüratlar alıb. Nəhayət iştirakçılar “Müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin zəkasının məhsuludur” adlı elmi -nəzəri konfransda bir araya gələrək maraq doğuran aktual müzakirələr aparıb.
Konfrans Dövlət himninin canlı ifası ilə öz işinə başlayıb. Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov dünyanın heç də hər bir millətinə nəsib olmayan dövlət müstəqilliyinin Tanrının bir lütfü və əsrlərə söykənən qanlı-qadalı azadlıq mübarizəsinin təzahürü olduğunu bildirib. Bu səbəbdən də qazanılmış azadlığın və dövlət müstəqilliyinin sonadək qorunub saxlanılmasının ümummilli vəzifə olduğunu iştirakçıların diqqətinə çatdırıb. Əyyub Əyyubov ötən əsrin əvvəllərində qurulmuş Azərbaycan Demokratik Cumhuriyyətinin 23 aylıq şərəfli tarixindən danışaraq bu ənənələrin artıq əsrin sonunda yenidən bərpa olunan müstəqil Azərbaycan dövlətində daha da möhkəmləndirildiyini qeyd edib. Onu da əlavə edib ki, müasir milli dövlətçilik ənənələrinin memarı və ilham qaynağı ümummilli lider Heydər Əliyev olub.
Daha sonra dəyərli elm adamı Azərbaycan Respublikasında müasir inkişaf dinamikası haqqında ətraflı söhbət açaraq prezident, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin qazandığı iqtisadi, sosial, mədəni və hərbi uğurlardan danışıb.O cümlədən ölkədə elmə, təhsilə, turizmin inkişafına, pedaqoji fəaliyyətə və kadr hazırlığına göstərilən diqqət və qayğıdan örnəklər çəkib.
Bundan sonra Azərbaycanın müstəqil tarixinə həsr olunmuş sənədli filmə baxış keçirilib.Ardınca konfransda digər maraqlı və məzmunlu məruzələr dinləniib. Pedaqoqlar Samir Tağızadə, Ceyhun Abdullayev və tələbə Elnur Məmmədov müvafiq olaraq “18 oktyabr-Dövlət müstəqilliyinin elan olunması”, “Müstəqil Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və Müstəqillik Günü” mövzularında çıxış edib.
Konfrans səmimi və fəal dialoq şəklində davam edib.
Konfransın sonunda kollec özfəaliyyət qrupu fəalları ədəbi- bədii kompozisiya ilə çıxış edərək tədbirin ümumi ruhuna xoş ovqat qatıb
Şərhlər bağlıdır.