MTK-da dilimizlə bağlı konfrans keçirildi
Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilib. Tarixi minilliklərə söykənən Azərbaycan dili haqqında ətraflı söhbət açan professor Əyyub Əyyubov dilimizin keçdiyi şərəfli tarixi mərhələlər barədə danışıb, folklar, əfsanə və rəvayətlərimizin formalaşmasında dilin müstəsna rolu olduğunu qeyd edib: “İndi bu dil vasitəsilə tariximizi və əski dəyərlərimizi asanlıqla öyrənib, tədqiq etmək olar. Müdriklər söyləyib ki, dili olmayan toplu millət sayıla bilməz. Bu mənada hər zaman qürurla deyə bilərik ki, bizim zəngin, qramatik quruluşu olan doğma ana dilimiz var. Hətta bir vaxtlar görkəmli avropalı və şərqli yazarlar, səyahətçı və tarixçilər dilimizin diplomatiya dili, xalqlar arasında vacib ünsiyyət vasitəsi olduğunu qeyd ediblər. Bu gün də Azərbaycan dili ən möhtəşəm dönəmini yaşayır, böyük bir xalqın və müstəqil dövlətin rəsmi dövlət dili statusunu daşıyır. Bu zirvəyə çatmaq asanmı oldu? Əlbəttə ki, yox. Xalqımız, ədiblərimiz, görkəmli dövlət xadimlərimiz dilimizin bu məqamlara yetişməsi naminə əsl mübarizə yolu keçiblər. Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətinin hər iki dönəmində bu məsələni məslək, əqidə, dövlər dili səviyyəsinə yüksəldib”.
Natiq vurğulayıb ki, ölkə başçısı İlham Əliyev 13 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb: “Hesab edirəm ki, cənab prezident bu sərəncamı zamanında imzalamaqla, Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması isütiqamətində yeni perspektivlərə yol açıb”.
Azərbayacan dilinin tarixi inkişaf mərhələlərinə həsr olunmuş sərgiyə və videoçarxa baxışın ardınca konfransda bir neçə məzmunlu məruzə dinlənilib. Pedaqoqlar Kifayət Əliyeva, Elnarə İsmayılova və Aybəniz Əliyeva “Gəlin Azərbaycan dilinin saflığını qoruyaq”, “Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” və “Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dilidir” mövzularında çıxış ediblər.
Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatdırılıb. Istedadlı tələbələrin ifasında təqdim olunan poeziya və musiqi parçalarında Azərbaycan dilinin üstünlükləri yüksək səviyyədə tərənnüm olunub.
Şərhlər bağlıdır.