Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mirsədi Daşdəmirov 9 ildən sonra mətbuata niyə qayıtdı?

Mingəçevirdə az ailə tapılar ki, Mirsədi Daşdəmirovu tanımasın. Şəhərin ən böyük müəssisəsində – beş-altı minlik kollektivi ilə üç növbədə çalışan keçmiş Toxuculuq Kombimatında, sıravi fəhlədən tutmuş direktoradək, hamının işi Mirsədi müəllimdən keçirdi. O, kombinatın “Əmək şöhrəti” (“İnam”) qəzetinin məsul katibi və az sonra redaktoru kimi hamının iş gücündən, dərd-sərindən yazır, ehtiyacı olana yardım, evsizə mənzil almağa kömək edirdi. Bu qəzetin yazıları partiya bürosunda, həmkarlar komitəsində, müdiriyyətin iclaslarında müzakirəyə çıxarılırdı. Nəticədə qəzetin siqnalları əsasında işçilərin sosial rifahının yaxşılaşması üçün kombinatın rəhbərlyi tərəfindən ciddi addımlar atılırdı.
Bazar iqtisadiyyatına uyğunlaşa bilməyən toxuculuq müəssisəsi bağlanandan sonra minlərlə peşə sahibi işsiz qaldı, amma peşəkar jurnalistə sahə qəzetində – “Azərbaycan işıqları”ında iş təklif olundu. Mərhum jurnalist Fidayıl Abdullayev keçniş şagirdini unutmamışdı. Axı M.Daşdəmirov “Əmək şöhrəti”nə irəli çəkilənə qədər Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi təhsil alırdı və Fidayıl müəllimin uzun illər başçılıq etdiyi “Mingəçevir işıqları”nda beş il korrektor kimi çalışmışdı.
Amma F.Abdullayev rəhmətə gedəndən sonra “Azərbaycan işıqları”nın durumu ağırlaşdı. İş o yerə çatdı ki, “Azərenerji” qəzeti Bakıya aparası, Mingəçevirdə 1-2 işçi saxayası oldu. Elə bu məqamda Daşdəmirovu Mingəçevir İcra Hakimiyyətinə dəvət etdilər. Və son 9 ildə bir-birindən fərqli xasiyyətlərə və xüsusiyyətlərə malik 3 icra başçısı ilə birgə çalışmaq zorunda qaldı.
“Mirsədi müəllim başçının köməkçisi idi. Niyazi Bayramov onun getməsini istəmirdi. Amma biz yerli qəzetin ağır durumuna görə bu addımı atmağı başçıdan xahiş etdik. Misədi Daşdəmirovun “Mingəçevir” qəzetinə rəhbər təyin olunması ilə bağlı başçı sərəncam verdi. Naib müəllim vəfat edənə qədər uzun müddət xəstə oldu, qəzet də əslində başsız qaldı. Ümid edirəm ki, bundan sonra kollektiv Mirsədi müəllimin rəhbərliyi ilə şəhərimizin həyatını, abadlıq-quruculuq işlərini geniş işıqlandırmaqla, sanballı qəzet buraxcaq”.
Mingəçevir İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev sentyabrın 24-də Mirsədi Daşdəmirovu kollektivə təqdim edərkən belə dedi. Qəzetin əməkdaşlarından İsmayılı İmanzadə, Mətanət Məmmədova, “Mingəçevir işıqları” qəzetnin baş redaktoru Fərman Nəbiyev, MTV-nin müxbiri Ehtiram Muradlı peşəkar jurnalist və qəzet redaktoru kimi Mirsədi müəllimə güvəndiklərini bildirdilər. Qonaqlar və k0llektivin üzvləri çay süfrəsi ətrafında bir sıra məsələləri müzakirə etdilər.

Şərhlər bağlıdır.