Miqrant, emiqrant və immiqrant ömrü: xoşbəxt, yoxsa bədbəxt həyat?
“Sənə görə pul ödəyib viza almışam, onun pulunu qaytar…”
“Düşərgədə o qədər qarmaqarışıq həyat hekayələri var ki: kədər, ümidsizlik, çarəsizlik qarışıq… Yeni tanış olduğum azərbaycanlı qadının cəmi 22 yaşı var, bir aydır ərindən ayırıblar. Səbəb? “Hər gün döyürdü. Birində pəncərədən mühafizəçilər görüb, polis çağırdılar…” Deyir ki, on dörd yaşı olanda valideynləri onu zorla ərə veriblər, məktəbdən gəlib görüb ki, nişanlayıblar, həm də 18 yaş böyük, 32 yaşlı birisinə. “Heç anlaşmırdıq, yola getmirdik”,- deyir, buraya isə rayonda evini satıb gəlib, iki körpə uşaqla həm də…”
Bu fikirlər hazırda emiqrant həyatı yaşayan Röya Rəfiyevaya məxsusdur. Almaniyaya köçənə qədər mətbuatda çalışan bu xanım yad ölkədə azərbaycanlı qonşusunun başına gələnləri ürək ağrısı ilə qələmə alıb: “Deyir, gəldikləri yeddi ayda az qala hər gün döyülüb: “Ərim deyir ki, qayıt ölkəyə, mən səninlə yaşamaq istəmirəm. Hara qayıdım? Evimizi də satıb gəlmişik, pulunu xərcləyib bitirib…Ərim buraya gəlməmişdən deyirdi ki, gedib orada almanla evlənəcəm, amma artıq rəsmi nikahımız var”,- deyir və ərinin üç gənc qadınla şəklini də göstərir telefonda: “Bunları feysbuk profilinə qoyub, Azərbaycandakı dostları görsün deyə…”
Bir aydır ayrı yaşayırlar və kişi qadını təhdid edir ki, ona pul versin: “Əvvəl hökumətin verdiyi yardımın hamısını alıb xərcləyirdi, evə heç nə almırdı. İndi ayrı olduğumuzdan uşaqların pulunu mən alıram və o, məni təhdid edib pul istəyir, deyir yoxsa səni deport etdirəcəm, geri göndərtdirəcəm, deyir, sənə görə pul ödəyib viza almışam, onun pulunu qaytar. Bu ay aldığım 400 avroya yaxın pulun 300-nü vermişəm, o da aparıb özünün vəkilinə verib. İki uşaqla pulsuz qalmışam, rayondakı qohumlarım da deyir ki, ərini əlindən buraxma, öldürsə də, ayrılmaq olmaz…”
Kəndlərimiz kimi şəhərlərimiz də boşalır
“İqtisadi vəziyyətin çətinliyi üzündən insanların yaşayış yerini dəyişməsi adi hala çevrilib və bunun ağırlığını bir neçə illər sonra hiss edəcəyik. Təbii ki, çətin durumda olan ailələr nəsil artırmaqda maraqlı deyillər. Əvvəllər hər kənddə çoxuşaqlı ailələr mövcud idi, hətta elələri vardı ki, 9-10 uşağı vardı. İndi 1-2 uşaqla kifayətlənirlər. Üstəlik daimi yaşamaq məqsədilə kənddən şəhərə, rayondan Bakıya, sonra isə başqa ölkələrə köçənlərin sayı durmadan artır, kəndlərimiz kimi şəhərlərimiz də boşalır…” – Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov belə düşünür.
Ekspertin qənaətinə görə, mənzilini satmaqla ailəsini başqa ölkəyə aparan və orada təhdidlərə məruz qoyan insanlardan nə desən gözləmək olar: “Kim əmin ola bilər ki, günün birində həmin kişi öz həyat yoldaşını satmayacaq? Çünki hazırkı münasibətlər ona doğru aparır. Əslində bu vəziyyətdə olan miqrantlar və emiqrantlar az deyil. İctimaiyyətin, xüsusən valideynlərin və yaxın qohumların belə vəziyyətə göz yumması problemin daha da dərinləşməsinə gətirib çıxaracaq”.
Uzun illər miqrasiya problemləri ilə məşğul olan Əlövsət Əliyev də bu sahədə ciddi problemlərin mövcudluğunu, ümumi mənzərənin ürəkaçan olmadığını vurğulayıb: “Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində gözlənilən dəyişiklik hələ ki, heç bir regionda hiss olunmur. Regionların iqtisadi inkişafı olmadan isə əhalinin bölgələrdən mərkəzə axınının qarşısının alınması mümkün deyil. Bu gün hətta dövlətdən mənzil alan köçkünlər də paytaxta və xaricə üz tuturlar. Mən hökumətə təkliflər vermişdim ki, məcburi köçkünlərə məxsus özbaşına tikililər, dövlətin payladığı mənzillər onların adlarına sənədləşdirilsin və onlar həmin ünvana qeydiyyata alınsınlar. Belə olsaydı, Avropada qaçqın statusu ilə yaşayan yüzlərlə məcburi köçkün ailələlərinin adlarının eyni zamanda yardım alan məcburi köçkün siyahısında olması kimi faktlar mövcud olmazdı.”
Ə.Əliyev onu da deyir ki, bəzi bölgələrdə, xüsusən Aran iqtisadi rayonunda torpaqların kütləvi şoranlaşması və kənd təsərrüfatlı təyinatlı torpaqların azalması məhsuldarlığın çox aşağı düşməsinə gətirib çıxarıb, Dağlıq Şirvan, Quba-Xaçmaz və Lənkəran iqtisadi rayonlarında isə mövcud tarixi su mənbələrini bir qrup mənimsəyib, çayların və su mənbəələrinin təyinatı dəyişdirilib: “Nəticədə kütləvi olaraq meşələrin və otlaq sahələrinin quruması kənd təsərrüfatı və heyvandarlığın inkişafına ciddi ziyan vurub. Bu kimi problemlər, əhalinin iqtisadi vəziyyətinin ağırlaşması, bir sıra yaşayış məntəqələrində yaşayış üçün minumum şəraitin olmaması insanların kütləvi yerdəyişməsinə səbəb olur”.
Rəsmi məlumata görə, Azərbaycandan miqrasiya axını əsasən Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan və Qərbi Avropa ölkələri istiqamətindədir. Bu müstəvidə ən böyük miqrasiya axını Rusiya istiqamətində yaşanır. Rusiya Federal Miqrasiya Xidmətindən bildirilib ki, hazırda həmin ölkədə 500 minə qədər Azərbaycan vətəndaşı yaşayır. Onların Rusiyada əmək fəaliyyəti ilə məşğul olduğu, təhsil aldığı qeyd olunur.
Amma azərbaycanlı emiqrantların heç də hamısı üz tutduqları ölkələrdə qanuni yaşamaq statusuna malik deyillər. Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənovun dediyinə görə, son 2 ildə Avropa İttifaqı ölkələrindən Azərbaycana qaytarılanların sayı 450 nəfərdən artıqdır: “Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, il ərzində ölkə ərazisindən başqa ölkələrə gedənlərin sayı 2500 civarında olur”.
Azərbaycana gələnlər də az deyil
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin mətbuata açıqlamasına görə, Azərbaycanın yeni miqrasiya qanunvericiliyi əcnəbilərə ölkəmizdə yaşama və iş icazələrinin verilməsi baxımından kifayət qədər sadələşdirilib: “Əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi. Amma 2013-cü il avqustun 1-dən qüvvəyə minən Miqrasiya Məcəlləsinə əsasən, bu məhdudiyyət aradan qaldırılıb. Həmçinin dövlətimizin inkişaf sürəti nəzərə alınaraq, ölkə iqtisadiyyatına azı 500 min manat investisiya qoyan şəxslərə üç ilədək müddətə müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair müddəa da hazırkı qanunvericilikdəki yeniliklərdən biridir”.
Azər Allahverənov da deyir ki, Azərbaycana gəlib, daimi əsaslarla yaşamaq istəyənlərin sayı ölkədən gedənlərin sayından çoxdur: “Bu səbəbdən də 2008-ci ildən bəri Azərbaycanın miqrasiya saldosu müsbətdir. Nəzərə alın ki, ölkə ərazisində ay ərzində 40-45 min immiqrant qeydə alınır. Dövlət Miqrasiya Xidmətinə yaşadığı yer üzrə qeydiyyata alınmaq üşüm müraciət edənlərin sayı elə ay olur ki, 34-35 min və hətta 48-49 minə çatır. Viza tətbiq olunmayan ölkələrdən gələnlər 90 gün ərzində Azərbycanda qala bilərlər, bir şərtlə ki, 10 gün ərzində yaşayış yerində qeydiyyata düşsünlər. Bundan artıq qalmalı olacaqlarsa, DMX-ni qabaqcadan məlumatlandırmalıdırlar. Amma fors-mjor vəziyyəti də ola bilər. Məsələn, müddət bitən ərəfədə kimsə xəstəxanaya düşə bilər, kiminsə yaxını dünyasını dəyişə bilər. Müvafiq sənədləri DMX rəisinin adına müraciət göndərməklə təqdim etərlərsə, biu halda şəxsə qarşı cəza tədbirləri aradan qaldırılır”.
Ekspert təəssüflə bildirir ki, ölkə ərazisində qeyri-qanuni əsaslarla yaşayan insanlar da var, DMX-nın Daxili İşlər Nazirliyi ilə birgə vaxtaşırı keçirdiyi reydlər zamanı həmin şəxsləri aşkarlanır və onlarla bağlı inzibati qərarlar qəbul edilir: “Nəyə görə bunlar qeyri-qanuni yaşayırlar? Problem bundadır ki, onların bir hissəsinin qeydiyyata düşmə, ölkə ərazisində yaşama və əmək fəaliyyəti ilə məşğul olma qaydaları barədə məlumatları yoxdur. Ayrı-ayrı şirkətlər belələrinin qeyri-qanuni statuslarından sui-istifadə edib, onları qeyri-qanuni əsaslarla işə cəlb edirlər. Bu, həm də vergilərdən yayınma və digər məsələlərlə bağlı elementlərdır.Təəssüf ki, Azərbaycanda miqrasiya məsələsinə diqqət yetirən beynəlxalq təşkilatlar da yox dərəcəsindədir”.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyi ölkəmizdə 1423 qaçqın və sığınacaq axtaran şəxsin qeydiyyatda olduğunu bildirir. Bu ilin əvvəlinə olan məlumata görə, həmin şəxslərin 47 faizi Əfqanıstan, 39 faizi Rusiya (çeçen), 4,9 faizi İran, 3 faizi Pakistan, 2 faizə yaxını Suriya vətəndaşlarıdır. Qalan 4,5 faiz isə digər dövlətlərdəndir.
Nümayəndəliyin məlumatına görə, qaçqın və sığınacaq axtaran şəxslərin ilk növbədə öz ölkələrinə könüllü qayıdışı üçün cəhd göstərilir. Bu mümkün olmadıqda yerli inteqrasiya proqramları həyata keçirilir. Bu variant baş tutmadıqda, yaxud müəyyən səbəblər olduqda, yəni şəxsin sağlamlığı üçün müəyyən problemlər yarandıqda, şəxs olduğu ölkə üçün təhlükə törətdikdə və ya olduğu ölkədə onun həyatı, sağlamlığı üçün təhlükə yarandıqda, Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə layihə çərçivəsində həmin şəxs qaçqınları qəbul edən ölkələrdən birinə göndərilir.
Yeri gəlmişkən, BMT Ali Komissarlığının dəstəyi ilə bölgələrimizdəki emiqrant ailələrinin geyim və başqa problemləri həll olunur. Söhbət Rusiyada və başqa ölkələrdə əmək fəaliyyəti ilə məşğul olanların Azərbaycanda qalan ailə üzvlərinə kömək göstərilməsindən gedir. Eyni zamanda 2016-cı ildə 63 nəfər immiqrant uşaq Azərbaycan məktəblərində təhsil almaq istəyirdi, lakin dil bilgisi yox idi, onlar üçün Azərbaycan dili kursları təşkil edilib və həmin uşaqlar ötən ilin sentyabr ayından Azərbaycan məktəblərində təhsil almağa başlayıblar.
Azərbaycan hökuməti vətəndaşını qoruya bilirmi?
Başqa ölkələrə yaşamağa və işləməyə gedənlər Azərbaycan vətəndaşlığından çıxmalıdırlarmı? Vətəndаşlаrın Əmək Hüquqlаrını Müdаfiə Liqаsının sədri Sahib Məmmdov belə hesab edir ki, insan dünyanın istənilən yerində yaşaya və işləyə bilər: “Sovetlər dövründə Dövlət Təhlükəsizlik Komitəsinin razılığı olmadan ölkəni tərk etmək mümkün deyildi. İndi hər kəs istənilən zaman ölkəni tərk edə bilər, bir şərtlə ki, ona müvəqqəti məhdudiyyət qoyulmasın. Məsələn, Avropada tramvaya minəndə bilet almadığına görə cərimələnmisənsə, cəriməni ödəmədən ölkədən çıxa bilməzsən. Bizim ölkədə də bu və ya digər öhdəliklərin yerinə yetirilməməsinə görə məhdudiyyətlər tətbiq olunur”.
S.Məmmədovun fikrincə, Azərbaycan qanunvericiliyində vətəndaşlığın itirilməsi və vətəndaşlığa xitam verilməsi halları var, amma vənəndaşlıqdan çıxarılma halları yoxdur: “Əgər Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul edirsə, o, 1 ay ərzində müvafiq İH orqanına məlumat verməlidir, əks təqdirdə məsuliyyət daşıyır. Bundan sonra həmin dövlət orqanı onun vətəndaşlığına xitam verə də bilər, verməyə də. Şəxsin öz ölkəsinin vətəndaşlığından imtina etməsi müəyyən prosedurlar üzrə aparılır. Çünki vətəndaşlıq bizim ölkədə həm də hüquqi öhdəlikdir. Yəni hər kəs vətəndaşlıqdan bir bəyanatla çıxa bilməz. Belə olmasaydı, onda 18 yaşına çatmış gənclərin bir hissəsi əsgər getməmək üçün vətəndaşlıqdan imtina edərdilər. Vətəndaşlıqdan çıxmaq üçün ciddi əsaslar olmalıdır. Məsələn, kimsə əcnəbi vətəndaşla ailə həyatı qurub. Ya başqa səbəblər ola bilər”.
Ekspert onu da deyir ki, Konstutusiyaya görə, vətəndaşlıqdan çıxartma bir cəza növüdür: “Vətəndaşlıqdan heç kəs imtina edilə bilməz. Sadəcə Konstutusiyaya edilən son dəyişikliyə görə, vətəndaşlıq itirilə bilər”.
Azadlıq hüququna məhdudiyyət?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Sadiq Əfəndiyevin bildirdiyinə görə, ölkə Konstitusiyasının 28-ci maddəsi sərbəst hərəkət azadlığı çərçivəsində hər kəsə sərbəst surətdə hərəkət etmək, özünə yaşayış yeri seçmək, kənara gedə bilmək imkanları verib: “Eyni zamanda insanın sərbəst hərəkət azadlığı Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan Avropa Konvensiyasının 2 saylı Protokolunun “Hərəkət etmək azadlığı” adlanan 2-ci maddəsində təsbit edilərək, üzv dövlətlərin üzərinə həmin azadlığın təmin edilməsi öhdəliyi qoyub. İstər milli, istərsə də beynəlxalq qanunvericiliyin tələblərinə görə insan və vətəndaşın sərbəst hərəkət etmək azadlığı yalnız Konstitusiya və qanunlarda nəzərdə tutulmuş əsaslarla məhdudlaşdırıla bilər, başqa hər hansı bir hal bu cür məhdudlaşdırma üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə (9.3.1-9.3.4-cü maddələr) görə cinayət prosesi zamanı şəxsin hərəkət azadlığının məhdudlaşdırılması yalnız şübhəli və ya təqsirləndirilən şəxslərin, məhkumların, haqqında tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin barəsində tətbiq edilə bilər”.
S.Əfəndiyev deyir ki, təcrübədə ibtidai istintaq zamanı istintaq orqanları tərəfindən “şahid” statuslu şəxslərin də ölkədən getmək hüquqlarının məhdudlaşdırılması hallarına yol verilir: “Bu zaman ibtidai istintaq orqanları öz mövqelərini həmin sahidlərin gələcəkdə istintaqın gedişi zamanı şübhəli və ya təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə əsaslandırmağa çalışırlar. Təbii ki, bu mövqenin hər hansı bir hüquqi əsası yoxdur. Şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması subyektiv mülahizə və ehtimalların əsasında deyil, yalnız tətbiq ediləcək məhdudiyyətin maddi və prosessual hüquqi əsasların mövcudluğu halında həyata keçirilə bilər. Qanunla cinayət prosesi zamanı ölkədən getməsinə məhdudiyyət qoyulmuş şəxsə cinayət təqibi orqanı tərəfindən əvvəlcədən şifahi və yazılı formada hər hansı bir məlumat verilməlidir. Bir anlığa fərz edək ki, barəsində ölkədən getməsinə məhdudiyyət qoyulmuş şəxs bundan məlumatsızdır, tələsik halda ağır xəstə olan ailə üzvünü müalicə üçün digər dövlətin tibb müəssisəsinə apararkən və yaxud ciddi bir işgüzar səfərə çıxarkən sərhəd-keçid məntəqəsində saxlanılır və nəzarət altında məhdudiyyəti qoymuş orqana təhvil verilir. Yalnız bundan sonra ona məlum olur ki, ölkədən çıxışına məhdudiyyət qoyulub. Bu vəziyyətdə məhdudiyyətə məruz qalmış şəxsin düşdüyü ağır mənəvi və maddi durumu təsəvvür etmək çətin deyildir. Məsələ bundadır ki, əvvəlcədən məlumat vermək vəzifəsi qanunda nəzərdə tutulmayıb. Eyni zamanda ölkədən getməsinə qanunsuz məhdudiyyət qoyulmuş şəxsin bu məhdudiyyətdən müdafiə olunması üçün cinayət-prossesual qanunvericilikdə hüquqi müdafiə imkanları aydın şəkildə tənzimlənməyib”.
Hüquqşünas hesab edir ki, bütün məcburiyyət tədbirləri yalnız məhkəmə qərarı əsasında mümkün ola bilər: “Hətta özünün sərbəst hərəkət azadlığının pozulduğunu güman edən şəxs cinayət prosesini həyata keçirən orqanın qanunsuz hesab etdiyi hərəkətini inzibati hərəkət kimi inzibati məhkəmə icraatında mübahisələndirə bilməlidir. Lakin bu növ iddialara praktiki olaraq inzibati məhkəmələr tərəfindən baxılmır. Həmin məhkəmələr mövqelərini “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində qeyd edilmiş “Bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur” müddəası ilə əsaslandırırlar. Qanunvericilikdə olan boşluğun nəticəsidir ki, məhkəmələr şəxsin ölkədən getmək hüququnun CPM-nin 449-cu maddəsində şikayət verilə bilən hərəkətlər və qərarlar siyahısında göstərilmədiyini əsas gətirərək, bu kateqoriya şikayətləri məhkəmə nəzarəti qaydasında icraatlarına götürməkdən imtina edirlər”.
Vəkil şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı problemin həllini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə yeni normalar əlavə etməkdə görür və belə hesab edir ki, insanın təməl hüquqlarından hesab olunan azadlıq hüququnun müdafiəsi sahəsində qeyri-müəyyənliyin aradan qaldırılmasına və sahəvi qanunvericiliklə dəqiq tənzimlənməsinə ehtiyac vardır.
“Qaçqın düşərgələrində aşağılanmağınızı istəmirsinizsə…”
Məqaləni hazırlayanda bloger Rezo Əliyevin “Almaniya həsrətli azərbaycanlılara” müraciəti gözümüzə sataşdı. Müəllif Almaniyada yaşayan azərbaycanlı qaçqınlar barədə yazılarına görə onu “Almaniya qaçqınkomun sədri” kimi qəbul edən və son zamanlar zəhləsini yersiz suallarla tökən insanlara üz tutub:
“Hörmətli azərbaycanlılar! Bilin və agah olun ki, mən buraya qaçqın kimi gəlməmişəm. Təhsil almaq üçün gəlmişəm, təhsilimi başa vurduqdan sonra qalıb mühəndis kimi çalışıram. Yəni mənim nə “siyasi”, nə də “humanitar” baxımdan Almaniyaya gəlib, məskunlaşmış qaçqınlarla heç bir əlaqəm yoxdur, onun olmasına da marağım yoxdur. Çünki onlardan qorxuram.
Azərbaycanla məni yalnız müəyyən emosional hisslər bağlayır, mənim orada heç kimim və heç nəyim yoxdur. Vaxtaşarı internet mediası üzərindən Azərbaycanla bağlı bu və ya digər məsələlər haqqında fikrimi bölüşməyim isə məndə olan “azərbaycançılıq kompleksi”nin əlamətləridir. Həyatımı Almaniyaya bağlasam da Azərbaycanda gedən proseslərə biganə qala bilmirəm…”
R.Əliyev vurğulayıb ki, gözəl vətənindın qaçanların Almaniyanın qaçqın düşərgələrində aşağılanmasını istəmir: “Sizin vətəninizdə almanlardan da yaxşı yaşamaq üçün hər cürə şərait yaratmaq mümkündür. Onlar da bizim kimi insandırlar. Almanlar haqqında yazdığım yazılarda da çatdırmaq istədyim mesaj budur. Ancaq Azərbaycandakı mühit burdakı kimi deyil. Əgər Azərbyacanın ucqar bir kəndində böyümüş, orada orta təhsil almış birisi gəlib burada 60 min işçisi olan böyük şirkətdə aparıcı mühəndis işləyə bilirsə, deməli azərbaycanlı gənclər eyni mühitdə dünyanın hər yerində bu qabliyyəti nümayiş etdirə bilərlər”.
Azərbaycanlı emiqrant onu da diqqətə çatdırır ki, Almaniyaya hər gələn cənnət içində yaşamır: “Bu cənnət yalnız alman vətəndaşlarına və eyni hüquqa malik olan şəxslərə şamil edilir. Qaçqın kimi gəlib alman cəmiyyətinə inteqrasiya olunmaq şansı minimal olduğundan burada ikinci və daha aşağı dərəcəli insanlar kimi yaşamaq qaçqınları normal insan qüruruna sığmayan hisslərə sürükləyir. Nəticədə bədəni burada olan azərbaycanlıların ruhları Bakıda dolanır. Alman dövlətindən qopardıqları pullar hesabına Bakıda ev və bağ alaraq vaxtilə onları didərgin salanların ciblərinə xeyir vermiş olurlar”.
P.S. “Emiqrant” və “immiqrant” sözləri məzmunca antonimlərdir. Birincilərə ölkəni tərk edən, ikincilərə isə ölkəyə daimi yaşamaq məqsədilə daxil olan insanlar aiddir. “Miqrant” dedikdə isə ölkə daxilində bir yerdən o biri yerə köçən insanlar başa düşülür.
Şərhlər bağlıdır.