Mingəçevirlilər ulu öndərin doğum günündə
Bir müddətdir ki, Mingəçevirdə ümummilli liderin doğum günü ilə əlaqədar silsilə tədbirlərə start verilib. Pandemiyanın yaratdığı çətinliklərə görə əksər tədbirlər onlayn formada həyata keçirilib. Mayın 10-u isə daha yadda qalan günə çevrilib. Səhər tezdən hökumət və ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısına toplaşaraq, ulu öndərin abidəsini ziyarət ediblər. Bundan sonra Mərkəzdə H.Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı onlayn yarış və müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. İcra Hakimiyyəti başçısı İlham İsmayılov şagird və tələbələrin əllərini sıxaraq, fəxri fərman və hədiyyələri onlara təqdim edib. Uşaq və gənclərin bir neçəsi müsabiqədə onlara uğur gətirən şeir və mahnıları elə burada da ifa ediblər. O da bildirilib ki, onlayn şahmat yarışında birinci yeri paytaxt məktəblisi tutub və onun hədiyyəsi Bakıya göndəriləcək.
Hava küləkli olmasına baxmayaraq, şəhərin yeni salınan Nizami parkında ağacəkmə aksiyası baş tutub. Burada qaraağac, akasiya və görüş ağacları əkilib. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirovun açıqlamasına görə, qısa müddətdə mövcud ərazidə əkilən ağacların sayı 400-dən artıqdır. Aksiyaya qatılan İcra Hakimiyyəti başçısı deyib ki, bu ilin sonuna kimi Nizami parkının ərazisini genişləndirmək və abadlıq işlərini başa çatdırmaq qərara alınıb: “Dahi şairin şərəfinə parkda onun abidəsi qoyulacaq, yubiley tədbiri də keçiriləcək”.
Şərhlər bağlıdır.