Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirli sahibkar hesab edir ki, indoneziyalı iş adamları ilə birgə şin zavodu qura bilər

İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid iyulun 29-da Mingəçevirdə iş adamları ilə görüşüb, ölkəsinin yerli sahibkarlarla əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.

Biznes görüşdə İndoneziyanın siyasi, iqtisadi və mədəni həyatı barədə  iştirakçılara ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, bu suveren dövlət seçilmiş qanunverici orqanı olan prezident və konstitusiyalı bir respublikadır. Əksəriyyəti müsəlman olan ölkədə yüzlərlə fərqli yerli etnik və dil qrupları, 34 əyalət var. Əsas ticarət tərəfdaşları Çin, ABŞ, Yaponiya, Sinqapur və Hindistandır.

Görüşdə İndoneziyanın Azərbaycanla iqtisadi əlaqələrinə də toxunulub. Qeyd edilib ki, bizim ölkədən daha çox neft məhsulları alır və onun Azərbaycandan idaxalı ixracı ilə müqayisədə çoxdur. Ölkənin fındıq və zeytun məhsullarına ciddi tələbatı var.

Mingəçevirli sahibkarlar indoneziyalı iş adamları ilə müştərək müəssisələrin yaradılmasında maraqlı olduqlarını dilə gətiriblər. Sahibkar Vaqif Həsənov deyib ki, Azərbaycanda il ərzində 6 milyon ədəd maşın təkəri istifadə olunur: “Bunlar kənar ölkələrdən gətirilir. Halbuki biz Mingəçevirdə, keçmiş texniki rezin məmulatı zavodunun yerində indoneziyalı iş adamları ilə birgə müasir standartlara uyğun şin zavodu qura bilərik. Bu, yaşadığımız bölgədə yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradardı”. Qəbələli sahibkar Nəriman Zəkəryayev isə bildirib ki, fındıq istehsalı ilə məşğuldur və məhsulunu Rusiya və Avropaya  göndərir: “İstərdim ki, əlverişli şərtlərlə İndoneziiya bazarına da çıxa bilim”.

Görüş iştirakçılarına İndoneziya ilə bağlı hədiyyələr və rəqslər təqdim olunub. Birgə şam yeməyi zamanı da qarşılıqlı əməkdaşlıq yolları müzakirə edilib.

 

Şərhlər bağlıdır.