Torpaqlarımızın bötövlüyü uğrunda şəhid olmuş Adil Kamran oğlu Adilzadə ilə dünən on minlərlə mingəçevirli vidalaşdı. Onlar vətənpərvərlik şüarları səsləndirdilər. Mingəçevir Şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhidlərin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daima uca tutulduğunu vurğuladı, Silahlı Qüvvələrimizin qüdrətindən danışdı. Şəhər Veteranlar Şurasının sədr müavini Tahir Məmmədov “Başını dik tut, şəhid anası” dedi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi Şahin Xəlilov məlumat verdi ki, 1993-cü il təvəllüdlü Adil Adilzadə “N” saylı hərbi hissədə Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu olub. O, Talış kəndi istiqamətindəki yüksəklik uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhidin dostu Azər Poladov vurğuladı ki. şəhidlik Adilin ən böyük arzusu idi: “Nəhayət dostum arzusuna qovuşdu”.
Şəhidin atası Kamran Adilzadə: “Təki Vətən sağ olsun” deyə mərasimə üzünü tutdu. Əsgərlərin yaylım atəşi altında və coxsaylı insan axınının müşayiəti ilə şəhid Adil Adilzadə Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Şəhidin ruhuna dualar oxunduqdan sonra onun cənazəsinin büründüyü müqəddəs Azərbaycan bayrağı əbədi olaraq saxlanmaq üçün atasına təqdim olundu.
Şərhlər bağlıdır.