Cəmiyyət

Mingəçevirli rəssamlar Zəfər Gününədək 63 şəhidin portretini çəkdilər

Zəfər Günü ərəfəsində Mingəçevir Rəsm Qalereyasında qeyri-adi sərginin açılışı oldu

Noyabrın 5-də Mingəçevir şəhər Rəsm Qalereyasında rəssam Rəfael Haşımovun qeyri-adi yaradıcılıq sərgisi açılıb. Burada Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalan 63 igidin portreti sərgilənib. Onların 56-sı Azərbaycanın Əməkdar rəssamı, MDDT-nın işçisi Rafael Haşımova, 7-si isə Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Abdulla Məmmədova məxsusdur. Rəssam Rafael Haşımov dedi ki, Zəfər Gününə kimi daha çox şəhid qəhrəmanın portretini çəkməyi planlasa da, səhhətində olan narahatlıqla bağlı bunu edə bilməyib.

Rəsm Qalereyasına gələn şəhid anaları oğullarının simaları önündə haldan-hala düşdülər.  Kimi dərin xəyala daldı, digəri göz yaşlarına hakim ola bilmədi. Bir ana oğlunu şəkildəkindən daha yaraşıqlı sandı, o biri  “eynən özüdür”-dedi.  Üçüncüsü “Bəs mənim balamın şəkli hanı?” deyərək,  zalların arasında dolaşdı.

Diqqətimi bir ana da çəkdi. O ana ki, bir şəhidini Mingəçevir Şəhidlər Xiyabanında dəfn edib evə qayıdan günü ikinci oğlunun nəşini qarşılayıb. Bu, İslam və Əli Əhmədovların anası idi. Qadın divardan qoşa asılmış şəhid balalarının rəsmləri arasında dayanmışdı. Sakit, təmkinlə əl dəsmalını çıxarıb, əvvəl portretləri, sonra isə çərçivələri silməyə başladı:  “Bu şəkilləri çəkən rəssam sağ olsun. Çox gözəl çəkib”. O, cənnət quşları kimi uçub gedən igidlərin ruhları ilə danışırmış kimi, dodaqlarında nəsə pıçıldayır və verdiyi suallara da özü cavab axtarırdı. O anda ananın gözlərindən axan damlalardan onun nə düşündüyünü, necə darıxdığını, balalarına ehtiyacı olduğunu anlamaq çətin deyildi.

Döyüşdə olduğu kimi sərgidə də nizamlı, qürurlu və mərd əsgər kimi yan-yana düzülmüş qaliblərin portretlərini Zəfər Günü ərəfəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və ictimaiyyət nümayəndələri maraqla izlədilər. Rəsm Qalereyasının direktoru Böyükküşü Adilbəylidən aldığımız məlumata görə, sərginin nümayişi  noyabrın sonunadək  davam edəcək.

 

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu xəbəri oxumusunuz?

Close
Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker