Mingəçevirli Nuran İsmayılova beynəlxalq yarışda qızıl medal qazanıb
Yanvarın 24-də Mingəçevirdə, “Kür” OTİM-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri master klass keçirib. Tədbirə digər regionlarıdan məşqçi və idmançılar qatılıb. Təlimi zamanı məşqçilərə gənc idmançılarla işləyərkən davranış, nizam-intizam və alətlərlə işləmək qaydalarına fikir vermələri tövsiyə olunub.
AGF-nın meneceri Rəşid Məmmədov master klass layihəsi haqda ətraflı məlumat verib: “Biz hər il regionlarda bu layihəni icra edirik. Master klassda hakimlik, məşqçilik və gimnastlara alətlərlə işləmək dərsləri keçirilr. Bütün regionlardaki gimnastlar peşəkar məşqçilərin sayəsində alətlərlə düzgün işləyə bilirlər. Master klass təlimlərinə təqribən 100-150 gimnast qatılır. Hakimlik kurslarına məşqçilərimiz də müraciət edə bilirlər. Biz çalışırıq ki, bütün regionlarda gimnastika inkişaf etsin. Layihə Kürdəmir, Zirə, Göyçay və Masallıda davam edəcək”.
Bədii gimnastika üzrə yığma komandanın xoreoqrafı Orxan Muradovun sözlərinə görə, mingəçevirli Nuran İsmayılova yığma komandanın nəzdində fəaliyyət göstərir. İdman arenasında idmançı karyerasını yüksəltməklə yanaşı, Nuran həm məktəb, həm də rəqs-balet dərslərini keçir. Region gimnastları arasında ilk olaraq Nuran İsmayılova beynəlxalq yarışda iştirak edib və öz ölkəsinə medalla qayıdıb. Gələn ay mingəçevirli Yasəmən Nəsirova də ilk dəfə olaraq beynəlxalq yarışa qatılacaq.
Beynəlxalq dərəcəli məşqçi və hakim Aysel xanım İstanbul şəhərində bədii gimnastika üzrə keçirilən beynəlxalq yarışda doqquz ölkədən gəlmiş 24 komandada ümumilikdə 250-dən artıq gimnast iştirak etdiyini deyib: “Nuran İsmayılova öz yaş qrupunda topla hərəkətlər nümayiş etdirib. O, bu növ üzrə birinci yerə layiq görülüb. Bu Mingəçevirin, AGF-nın və Azərbaycanın uğurudur”.
Nuran İsmayılova ailəsiylə az görüşdüyünü, əvvəllər çox darıxdığını, artıq öyrəşdiyini deyir: “Mingəçevirdə 15 saylı məktəbdə oxuyurdum. Artıq üçüncü ildir ki, Bakıdayam. Əlbəttə ki, məşqlər çətindir. Gün ərzində səkkiz saat məşq edirik. Amma çalışıram ki, yarışlarda çox medal qazanım”.
Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli ilk dəfə Mingəçevirdə gimnastika bölməsi yaradılanda qızların cəlb olunmasında fəal iştirak etdiyini deyib: “O vaxt biz inanırıq ki, bu balaca uşaqlar Azərbaycanın və Mingəçevirin adını yüksəldəcək və dünya arenasında layiqicə təmsil edəcəklər. Qururverici haldır ki, şəhərimizin yeritməsi olan Nuran balamız belə mötəbər yarışlardan birində uğur əldə edib. Təbii ki, bunda AGF-nın əziyyəti çoxdur. İnanıram ki, Nuranın arxasi ilə digər regionlardan da idmançılar gələcək”.
Şərhlər bağlıdır.