Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirin təhsil işçiləri ötən ilki tədris ilini necə başa vurublar?

Sentyabrın 6-da Mingəçevirin təhsil işçilərinin ənənəvi sentyabr konfransı baş tutub. Ümumtəhsil məktəbililərinin əl işlərindən ibarət sərgi  və özfəaliyyətinə baxışdan sonra konfrans öz işinə başlayıb. Təhsil şöbəsinin müdiri Sahib Məmmədov  “2015-2016-cı dərs ilinin yekunları və Mingəçevir şəhər təhsil işçilərinin qarşıda duran vəzifələri”nə dair hesabat  verib. Bildirib ki, ötən dərs ilində 19 tam orta məktəb, 2 lisey və 1 internat olmaqla cəmi 22 ümumtəhsil məktəbi və 7 məktəbdənkənar tərbiyə müəssisəsi  fəaliyyət göstərib: “Bu məktəblərdə 13739 şagird təhsil alıb, məktəbdənkənar təhsil müəssisələrində 1319 şagird idman və yaradıcılıq dərnəklərinə cəlb olunub. Onlardan 3-ü (Texniki-Humanitar Lisey,  7 və 10 saylı məktəblər) “Ən yaxşı ümumtəhsil məktəbi“, riyaziyyat və  ingilis dili müəllimləri   Arzu Hüseynova və  Mələknisə İsmayılova (THL və TRHEL) “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi olublar”.

Məruzəçinin sözlərinə görə,  bu il XI sinfi bitirən 781 şagirddən 562-si ali məktəbə sənəd verib, 390-nı tələbə adını qazanıb.  Onlardan 38-i 600-dən yuxarı bal toplayıb. Otta məktəbi qızıl medalla bitirən Təbiət-Riyziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin məzunu Aytac Cəbrayılova 686 balla Azərbaycan Dövlət  Tibb Universitetinin müalicə işi fakultəsinə qəbul olunub. Texniki Humanitar Liseyin eksperimental sinfinin şafirdi Emil Əlizadə  fizika fənni üzrə Qazaxstanda keçirilən  olimpiadada 3-cü yerə layiq görülüb.”

7 saylı məktəbin direktoru Anar İsmayılov, Təhsil şöbəsinin metodisti Səbinə Quliyeva, TRHEL–nin müəllimi Samirə İsmayılova, məzun Atyac Cəbrayılova məruzə ətrafında fikir və düşüncülərini  bölüşüblər. 9 saylı Ərazi maliyyə hesablaşma mərkəzinin rəisi Elçin Həsənov əksər məktəblərdə dərs yükünün düzgün hesablanmaması, bir sıra maliyyə pozuntuları barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev diqqəti  bir sıra məsələlərə yönəldib. O, vurğulayıb ki, orta məktəbin vəzifəsi heç də ali məktəbə tələbə hazırlamaq deyil: “Məktəb ölkə üçün ləyaqətli vətəndaş yetişdirməlidir. Xüsusən qızların yüksək təhsil almasına, bütün məktəb yaşlıların  icbari təhsilinə və davamiyyətinə diqqəti artırmaq lazımdır. İstedadlı gənclərin qorunması, xüsusi proqramlara cəlb olunması istiqamətində Təhsil Nazirliyi ciddi işlər görür.     Unutmayaq ki, təhsilsiz uşaq gələcəyini itirmiş insan deməkdir. Mütəfəkkirlərdən birinin dediyi kimi, əgər həbsxananın bağlamaq istəyirsənsə, onda bir məktəb aç”.

Təhsildəki uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və gerçəkləşdiriləcək işlərdən,  yeni dərs ilinin açılışınadək  1, 7 və 9 saylı məktəblərin əsaslı təmiri və  müasir avadanlıqlarla təchizatının başa çatdırılmasından danışıb. Başçı ötən tədris ilində buraxılan nöqsanların aradan qaldırılması üçün göstərişlərini də verib.

Məktəblilər təhsilə, müəllimə, Vətənə həsr olunan  maraqlı kompozisiyalarını təqdim ediblər. Konfransın sonunda təhsildə fərqlənən bir qrup müəllimə İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin Fəxri Fərman və  hədiyyələri təqdim edilib.

Şərhlər bağlıdır.