Mingəçevirin növbəti şəhidi-Fərid Ağayev
Milli ordumuzun əsgəri Fərid Ağayev uğrunda öldüyü torpağa tapşırılıb. Fərid Ağayev doğulduğu Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidlə vidalaşmaq üçün 500-dək şəhər sakini Xiyabana toplaşıb. Dəfn mərasimində həmçinin Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin döyüş yoldaşları da iştirak edib. Məktəblilər şəhidin məzarı üstünə qərənfillər düzüb. Dəfn mərasiminin sonunda havaya yaylım atəşi açılıb.
Fərid Ağayevin valideynləri övladlarının vətən yolunda şəhid olması ilə fəxr etdiklərini bildiriblər. Əmisi Yusif Ağayev Fəridin atasının da müharibə iştirakçısı olduğunu deyib: \”Mənim qardaşım da müharibədə iştirak edib və kontuziyalar alıb. Şəhidlik ona nəsib olmadı, oğluna nəsib oldu. Prezidentimiz nə vaxt qərar versə, bu millət döyüşməyə hazırdır!\”
Ötən il dekabr ayının 31-də Fərid Ağayevin 20 yaşı tamam olub. Bu il fevralın 6-da isə o, torpağa tapşırılıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyi də şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verib.
Şərhlər bağlıdır.