Mingəçevirin kiçik və orta sahibkarları bizneslə bağlı təlimə qatılıblar
Dekabrın 10-da Mingəçevirdə kiçik və orta sahibkarlar üçün 1 günlük təlim keçirilib. Təlim Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin tədbirlər planına müvafiq olaraq gerçəkləşib. Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov sahibkar və potensial sahibkarlarla bu günədək davamlı şəkildə maarifləndirmə işi aparıldığını vurğulayıb: “Bizim təlimlər əsasən iki hissədən ibarətdir: “Biznes ideyanı yarat “, “ Öz biznesinə başla“. Yaxşı biznes ideya ilə başlayır. Hər kəs öz biznesini başlamazdan əvvəl nə ilə məşğul olmaq istədiyini müəyyənləşdirməlidir. Uğurlu biznes həm müştərilərin təlabatlarını ödəyir, həm də sahibkarların gözləntilərini reallaşdırır”.
Akif Abbasov güzəştli kreditlər, biznesin qurulması üçün ilkin addımlar, uğurlu biznesin mərhələləri, biznesin növləri barədə də danışıb, iştirakçıların suallarını cavablandırıb.
Mingəçevir Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin sədri Vaqif Həsənovun dediyinə görə, gələcəkdə də yerli sahibkalar və sahibkarlığa həvəs göstərən gənclər üçün müxtəlif təşkilatlarla birgə müxtəlif tədbirlər təşkil etmək niyyətindədirlər: “Bir çoxları biznes ideyası haqqında nəyi öyrənməyi, belə ideyaları necə seçməyi, biznes plan hazırlamağı bilmir. Elə bunun nəticəsidir ki, onlar götürdükləri kreditləri təyinatı üzrə xərcləməyi bacarmadıqlarından sonradan problemlərlə üzləşirlər. Mənim zənnimcə, bizneslə kor-koranə yox, savadlı şəkildə məşğul olmaq lazımdır”.
Şərhlər bağlıdır.