Mingəçevirdə yerli ictimai birliklər üçün layihə hazırlanması və idarə edilməsi üzrə seminar keçirilib
Bu gün yanvarın 22-də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumt Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri Mingəçevirdəki QHT Resurs Mərkəzində yerli ictimai birliklər üçün layihələrin hazırlanması və idarə edilməsi üzrə seminar keçirib. Şuranın fəaliyyəti, maliyyələşdirdiyi layihələr barədə onun əməkdaşları Fərid Qəhrəmanov və Amid Mirzəyev iştirakçılara ətraflı məlumat veriblər.
Qeyd olunub ki, əksər QHT-lər hələ də ictimai əhəmiyyət kəsb edən problemlərlə bağlı layihə yaza bilmirlər: “Bir neçə gün qabaq Şuranın 2015-ci ilin yekunlarına həsr olunan geniş toplantısında da bu barədə danışılıdı. Biz 2008-ci ildən bəri layihələr çərçivəsində çoxsaylı seminar və təlimləri dəstəkləmişik. Amma düşünürük ki, konkret problemlərin həllinə yönəlik layihələrə üstünlük verilməlidir. Təəssüf ki, bir çox QHT-lər layihənin adını, hədəf qrupunu düzgün seçməyi bacarmırlar”-F.Qəhrəmanov belə deyib. O, həm də əlavə edib ki, gələcəkdə Şura sifarişlər üzrə bir neçə QHT-yə böyük məbləğdə layihələrin idarə olunmasını etibar edəcək.
Seminarda maliyyə hesabatlarının verilməsi zamanı yaranan çətinliklərdən də danışılıb. A.Mirzəyev qeyd edib ki, işə götürülən hər bir işçi ilə əmək müqaviləsi bağlanan kimi ƏƏSM Nazirliyində onlayn qeydiyyat tələb olunur: “Eyni zamanda icbari ödənişlərin ödənilməsi də zəruridir. Çalışmaq lazımdır ki, bütün maliyyə xərclərini təsdiq edən sənədləri təqdim edəsiniz. Ötən il sənədləri tam təqdim edə bilmədiiklərinə görə bir neçə QHT-yə ayrılan vəsait geri alındı”.
A.Mirzəyev regiondakı QHT-lərin hesabat zamanı Bakıda bir neçə gün qalmağa məcbur olması ilə bağlı məsələyə də aydınlıq gətirdi: “Təəssüf ki, bir sıra QHT-lər bizə təqdim etdiyi maliyyə sənədlərini başqa təşkilatlara da göstərərərək, onlardan da vəsait almağa çalışırlar. Buna görə də biz hər bir sənədin üzərinə imza və möhür vurmağa məcbruq. O ki, qaldı bununla bağlı bölgə QHT-lərinin Bakıda iki-üç gün qalmasına, onlar bununla bağlı layihələrinə ezamiyyə xərclərini sala bilərlər”.
Mingəçevir İcra Hakimiyyəti başçısı aparatının məsul nümayəndəsi Sahib Əliyev də seminarda iştirak edib.
Şərhlər bağlıdır.