Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “Teatr vasitəsi ilə Dialoq” baş tutdu

Mayın 9-da Mingəçevir Gənclər Evinə toplaşan  70-dən çox qonaq, müharibə veteranı, gənclər və  vətəndaş cəmiyyəti üzvləri sülh quruculuğundan bəhs edən tamaşaların təkcə tamaşaçılarına çevrilmədilər. Onlar həm də özlərini bu proseslərin içində hiss edərək, aktiv iştirakçıya çevrildilər.  Tamaşadan sonra aktiv şəkildə müzakirələrə qoşulan  qonaqlar vurğuladılar ki, sülh-quruculuğu prosesini önəmi və münaqişənin həlli üçün səylərin artırılmasına,  dialoq və debata ehtiyac var.  Söhbət  Avropa İttifaqının “Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu” (PeaCE) proqramı çərçivəsində Y-PEER Azərbaycan Gənc Həmyaşıd Təhsili Şəbəkəsinin təşkil etdiyi “Teatr vasitəsi ilə Dialoq”  sosial tamaşalarından gedir.

Silsilə təlimlərin meneceri Sevinc Səmədzadənin dediyinə görə, həyatdan götürülən bu kiçik tamaşaların ssenariləri də, ifaları da bu gənclərə məxsusdur: “Onlar Mingəçevir Gənclər Evinin dəstəyi ilə 5 gün ərzində teatr-əsaslı təlimlərə qoşuldular,  münaqişə və sülh sahəsi, zorakılıq və kimlik mövzusu haqqında məlumatlandılar, sosial teatr texnikalarını təcrübədən keçirdilər. Bu kiçik tamaşalar sosial münaqişələr, müharibənin nəticələri, məcburi-köçkün və qaçqınlığı olan şəxslərin həyatı və  çətinlikləri, eyni zamanda sülhün dəyəri barədə mövzulardan bəhs edir”.

Təlimin əlaqələndiricisi  Bəxtiyar Aslanov qəzetimizin müxbiri ilə söhbətində bildirib ki, Avropa İttifaqının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən PeaCE proqramı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri və siyasətçilər arasında dialoqu asanlaşdırmaqla sülh quruculuğu səylərini dəstəkləmək məqsədi güdür və onlar da 3 bölgədə bu fəaliyyəti gerçəkləşdirməyə çalışıblar: “Artıq Bakı və Mingəçevirdə təlimlər tamamlanıb. Növbəti təlim isə Ağdamda həyata keçiriləcək”.

Şərhlər bağlıdır.