Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Binaları idarə etmək üçün

“Biz insanlara başa salırıq ki, siz mənzilin içi ilə bərabər çölünə də – dam örtüyü, zirzəmisi, pilləkən qəfəsi, fasadı və həyətinə də sahib olmalısınız. Bu hüququ  onlara 2009-cu ildə qəbul olunan yeni “Mənzil Məcəlləsi” verib”.

Bunu MVA İB-nın prezidenti Fərman Nəbiyev deyib.  O, əlavə edib ki, Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi yeni layihəsini uğurla davam etdirir: “Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 3 ay ərzində “Binamızı özümüz idarə edək” devizi ilə Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi nəzərdə tutulub”

Layihə çərçivəsində  mayın 4-dən 6-dək Mingəçevir Media Mərkəzində keçirilən təlimlərə 3 məhəllədən  51 mənzil sahibi nəzərdə tutulsa da, 57 nəfər qatılıb. Layihənin təlimçisi  Samir Əliyev  Azərbaycanda mənzil idarəçiliyinin qanunvericilik əsasları, çoxmənzilli binaların idarə olunması üsulları və çoxmənzilli binaların idarə olunması mexanizmlərinin qurulması barədə danışıb. Mənzil hüquqları və onun əsasları, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın idarəetmə üsulunu necə  seçməsi, MMMC-lərin  yaradılmasıyla bağlı toplantıların keçirilməsi və  sənədlərin hazırlanması haqda ətraflı məlumat verən təlimçi iştirakçıları nümunəvi sənədlərlə  də tanış edib.

Mingəçevir Bələdiyyəsinin komissiya sədri və layihə rəhbərinin köməkçisi  Zahid Qasımlı isə  çoxmənzilli binanın saxlanma xərcləri və Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin üstünlüklərindəm, yerli bələdiyyələrin mənzil fondunun idarə edilməsində məsuliyyəti və rolundan,  MMMC-lərlə sahə mülkiyyətçiləri arasında yaranan anlaşılmazlıqlar və onların həlli yollarından bəhs edib.

MVA İB İdarə heyətini üzvü və layihənin eksperti Yeganə Nəbiyevanın dediyinə görə, MVA 2016-cı ildən bu sahədə maarifləndirmə işlərinə başlayıb: “O zaman 10 məhəllədə əhali ilə görüşlər təşkil etdik, hətta İqtisadiyyat Nazirliyi, yerli İcra hakimiyyəti və bələdiyyə nümayəndələri ilə birlikdə mənzil mülkiyyətçilərinin ümumşəhər toplantısını keçirdik. Bu dəfə isə qanunvericilik bazasını öyrədən ciddi təlimlər, bakılı ekspertlərin məhəllələrdə görüşləri, MMMC yaratmış paytaxt məhəllələrinə  mingəçevirlilərin səfərləri nəzərdə tutulub. Düşünürük ki, bütün bunlardan sonra Bakı və Abşerondan sonra Mingəçevirdə  yeni idarəetməyə keçidə nail olacağıq”.

Təlimçi və ekspertlər iştirakçıların çoxaylı suallarını cavablandırıb, onlara mövzu ilə bağlı 15 adda materil paylayıblar. Eyni zamanda İqtisadiyyat Nazirliyinin (“Mənzil hüquqlarımız: Nələri bilməliyik?) bukleti, İqtisadi Təşəbbüslərə  Yardım İctimai Birliyinin (“Çoxmənzilli binaların idarə edilməsi mexanizmləri”), Media və İctimai Təşəbbüslər Mərkəzinin (“Bizim bina. Birgə idaəçilik təşəbbüsləri”)  kitabları da mənzil mülkiyyətçilərinə təqdim edilib.

Şərhlər bağlıdır.