Mingəçevirdə son bir ilə qədər qəza vəziyyətində olan məktəb bu gün qapılarını şagird və müəllimlərin üzünə açıb
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu ilki tədris ilində ölkədə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunub. Belə məktəblərdən biri də Mingəçevirdədir. O, 1974-cü ildə tikilmişdi, lakin 1993-cü ildən ta son illərə qədər məcburi köçkün soydaşlarımız üçün müvəqqəti məskunlaşma yerinə çevrimişdi. Bina qəzalı vəziyyətdə olduğundan təmir etmək mümkün deyildi. Buna görə də sökülərək, son bir il ərzində yenidən inşa edilib. 3 mərtəbəli tədris korpusundan və idman zalından ibarətdir, zəruri mebel avadanlıqlarla, əyani vəsaitlərlə təhciz olunub. Təhsil ocağının həyatyanı ərazisi də abadlaşdırılıb, burada ağac və kollar əkilib.
Sentyabrın 16-da isə 624 şagird yerlik 13 saylı tam orta məktəb müəllim və şagirdlərin istifadəsinə verilib. Açılış mərasiminə Heydər Əliyev Fondunun, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri və könüllülər sosial məsafəni gözləyərək və nəfəs yollarını maska ilə örtməklə qatılıblar. Onlar məktəbin sinif otaqları, idman zalı, mətbəx, fənn kabinələri, laboratoriya, akt zalı və idman meydançası ilə tanış olub, bu gün yeni dərs ilinə başlayan ibtidai sinif şagirdləri ilə görüşüblər. Məktəbin yeni direktoru Daşqın İbrahimov bildirib ki, bina və mövcud maddi-texniki baza müasir təhsil standartlarına tam cavab verir: “Bu şərait gələcəkdə şagirdlərin bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərəcək. Belə şəraiti bizə yaratdıqlarına görə pedoqoji kollektivimizin adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edirəm”.
Şərhlər bağlıdır.