AraşdırmaMingəçevir

Mingəçevirdən başlayan tibbi sığorta bizi, xəstəxanamızı və ölkəmizi necə dəyişir?

Maddi-texniki baza möhkəmləndirilib

Azərbaycan Respublikası Prezidentinin sərəncamıyla 2017-ci il yanvarın 1-dən Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığorta sisteminin (İTSS) tətbiqi məqsədilə pilot layihəyə başlanıb. Sonradan Ağdaş rayonu da bu layihəyə qoşulub. Hər üç bölgədə dövlət səhiyyə qurumuna daxil olan təşkilatlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  tabeliyinə verilib. Bu məqsədlə Agentliyə  dövlət büdcəsindən ilkin olaraq 30 milyon manat ayrılıb, növbəti dövrlərdə də büdcə ayırmaları davam edib. Bəs bütün bunlar hansı nəticələr doğurub?

Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərovun mətbuata açıqlamasına görə, ötən müddətdə tibbi təchizat yaxşılaşdırılıb: “Xəstəxanaya LOR kombayn, laporoskopik əməliyyat üçün dəst, 4D ultrasəs müayinə aparatı, Hamilton süni ventelyatorlar, portativ süni tənəffüs aparatı, monitorlar, sterilizator və paketləmə aparatı, MQ aparatı, neonatologiya üçün küvezlər, “Beckman” markalı laborator analizatorlar, avtomatlaşdırılmış ginekoloji, proktoloji stolların alınması tibbi xidmətin keyfiyyətinin artırılmasına səbəb olub. Doğum şöbəsində aparılan dəyişiklər vaxtından əvvəl doğulan və ağır vəziyyətdə olan uşaqlara intensiv terapiyanın aparılması uçun tam şərait yaradıb. Belə ki, burada süni tənəffüs aparatı, küvəz quraşdırılıb. Anadangəlmə sarılıqla doğulanlara təxirəsalınmaz yardım kimi fototerapiya cihazı quraşdırılıb. 60 çarpayılıq terapiya şöbəsində isə pərakəndə şəkildə yerləşmiş kardiologiya, nefrologiya, terapiya və nevrologiya bölmələri birləşdirilib. Doğum şöbəsi B korpusundan C korpusuna keçirilib. Həmin bölmədəki əməliyyatxananın yanında intensiv nəzarət bloku yaradılıb”.

Onu da öyrəndik ki, İTSS-nın tətbiqi çərçivəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyasında quraşdırılan müasir tibbi avadanlıqları qanın nəinki ümumi və biokimyəvi, eyni zamanda hormonal analizlərini də həyata keçirməyə imkan verib. Həmçinin laboratoriyada xüsusi çoxfunksiyalı kreslolar qurulub. Əgər qanalma zamanı xəstənin arterial təzyiqi düşərsə, kreslolar ona uyğun vəziyyət alır. Əvvəllər kağız üzərində aparılan laborator müayinələr tamamilə avtomatlaşdırılıb.

Daha bir göstərici xəstəxanada, təcili yardım da daxil olmaqla, struktur dəyişikliyi ilə bağlıdır. Cərrahi profilə aid olan və ayrı-ayrı korpuslarda yerləşən urologiya, proktologiya, lor, onkologiya, uşaq cərrahiyəsi, ümumi cərrahiyə, oftalmologiya “cərrahiyə şöbəsi” adı altında birləşdirilib və həmin şöbə üçün 100 çarpayılıq bölmə yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də layihənin nəticələrindən məmnun qaldığını vurğulayıb. O, martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə deyib ki, səhiyyə sahəsində çox ciddi islahatlar aparılır: “Bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı – bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur – bunu çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək. Bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə bilməyiblər. Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni infrastruktur mövcuddur”.

Bəs nə çatışmır?

Təbii ki, hər bir pilot layihə həyata keçirilərkən nöqsanlar, çatışmazlıqlar üzə çıxır. Mingəçevir şəhəri və onun xəstəxanası da bunlardan xali deyil. Son bir həftə ərzində apardığımız müşahidələr belə qənaətə gəlməyə əsas verir.

Xəstəxanada ailə həkimin fəaliyyət göstərməsi yaxşı hal olsa da, məlumatımıza görə onların xidmətindən istifadə edənlər azdır. Hətta qeydiyyat şöbəsində xanımlardan birinin dediyi də yadımızdadır: “Bacı, 3 manat ödəmək istəmirsənsə, səni ailə həkiminə göndərəcəyik”. Əksə-riyyət orada da vaxt itirəcəyini nəzərə alıb, 3 manatından keçir. Şübhəsiz ki, ailə həkimindən keçən və keçməyən şəxslərin statistikası aparılır, lakin oxucularımız üçün də maraqlıdır ki, bu  üç manatlar nə qədər büdcə yaradır?

Teatr asılqandan başlayır, İTSS isə qeydiyyat şöbələrindən. Hər səhər şöbənin qarşısında yüzlərlə insanın dayandığını görürük (Aldığımız məlumata görə, təkcə 1 gün ərzində-martın 11-də 2070 nəfər qeydiyyatdan keçib). Oturacaq yerləri az olduğundan əksəriyyət ayaq üstə qalır. Son aylar ərzində növbəliliyin nizamlanması üçün hər kəsə nömrə verən aparat gətirilsə də, İTSS bundan uzağa gedə bilməyib. Qeydiyyat şöbəsində və həkimlərin qəbulunda elektron tablolar quraşdırılmadığından növbəlilik primitiv qaydada aparılır. Məsələn, qeydiyyat şöbəsinin qarşısında dayanmış İTSS əməkdaşı səslə növbəti nömrəni elan edir. Həmin nömrəni əldə etmiş şəxs ona yaxınlaşır və əməkdaş əmin olduqdan sonra onu qeydiyyatçının yanına buraxır.

Biz xəstəxanada olanda bir nəfərin növbəsinin keçdiyinin şahidi olduq. İTSS nümayəndəsi  ona  bildirdi   ki,   yenidən   nömrə alıb, növbəyə dayansın. Qarşı tərəf etiraz etdi, növbə siyahısı elan olunarkən eşitmədiyini dedi. Sual ortaya çıxır: xəstəxanada eşitmə qabiliyyəti məhdud şəxslər bu halda necə nəzərə alınır?

Hər dəfə həkimin qəbuluna düşmək üçün 2-3 saatı, bəzən yarım günü itirməli oluruq. Bəs  davamlı müayinələr zamanı da təkrar qeydiyyatdan keçmək tələb edilirmi?

Xəstəxananın KİV və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri İlahə İsmayılovanın dediyinə görə, fizioterapiya şöbəsinə masaja gələn şəxslər üçün hətta 10 günlük paket tərtib olunur: “Yəni hər dəfə qeydiyyata ehtiyac qalmır. Amma digər şöbələr belə uzun müddətli prosedurlarla bağlı müraciət etmədiklərindən onlara qeydiyyat gündəlik aparılır”.

Yeri gəlmişkən, biz boğazımızı yuduzdurmaq üçün ardıcıl olaraq bir neçə gün eyni həkimin yanına gəlməli olduq və hər dəfə də qeydiyyat şöbəsində göndəriş vərəqəmizi təzələyəsi olduq.

Bundan sonra ikinci “post”dan keçmək lazım gəlir. İTSS-nin əməkdaşı göndəriş vərəqinə baxandan sonra xəstəni həkim otağının yerləşdiyi dəhlizə buraxır.  Həkimlərin qəbulunda növbəliliyi isə pasientlər özləri nizamlayırlar. Halbuki həkimlərin otaqlarının üzərində qeydiyyat şöbəsi ilə əlaqəli elektron lövhələr asılsa, rahatlıq təmin olunar. Yeri gəlmişkən,  başqa ölkələrin təcrübəsində adətən qeydiyyat onlayn aparılır, pasient həkimin qəbuluna hansı gün və saat neçədə gələcəyini evindən çıxmadan müəyyənləşdirir.

Bir həftəlik müşahidələrimiz nəticəsində bu qənaətə gəldik ki, Mingəçevir xəstəxanasının qeydiyyat şöbəsində növbələr adətən səhərlər olur. Təxminən saat 12-dən sonra vaxt itirməyə ehtiyac qalmır. Bəs niyə hamı səhər tezdən gəlməyə üstünlük verir?  Biz martın 15-də 12.30-da Nüşabə Həmzəyevanın qəbuluna gələndə 3 nəfərin gözlədiyini öyrəndik. Dedilər ki, xanım cərrahi əməliyyatdadır və nə vaxt gələcəyi bilinmir. Müsahiblərimizdən birinin dediyinə görə, adətən əksər həkimlər saat 3-dək çalışdıqlarından, həm də saat 13-dən 14-dək nahara çıxdıqlarından günortadan sonra qəbula düşmək şansı azalır.

Xəstələr həkimlər arasında mütənasib bölüşdürülsə…

Nəzərə alaq ki, xəstənin növbədə olduğu vaxt ərzində həkim səmərəli vaxtını boş keçirir. Bu vəziyyət həm də müayinə və müalicə üçün müraciət edən şəxslərin həkimlər arasında düzgün bölüşdürülməməsi ilə bağlıdır. Xəstəxanada bizə dedilər ki, xəstə həkimi seçməkdə azaddır. Ancaq bu, bəzən sui-istifadəyə gətirib çıxarır. Məsələn, martın 11-də qulaq-burun-boğaz həkimi Nüşabə Həmzəyevanın qəbulunda cəmi 2-3 nəfər, digər həkimin-Zahid Eyvazovun qapısının qarşısında isə uzun-uzadı növbə vardı, hətta səhər 10-nun yarısında onların sayı 32-ni keçmişdi. Zahid həkimin dediyinə görə, onun qəbuluna girmək istəyənə 20-ci adamdan sonra “stop” qoyulmalıdır: “Amma  başqa  rayonlardan  zəng vurub,   yanıma gəlirlər. Buna görə də siyahı böyüyür. Mən onlara necə etiraz edim?”

N.Həmzəyeva isə deyir ki, əksər günlər səhər saat 9-dan 11-dək kabinetdə boş oturur: “Mən də ixtisaslı həkiməm, sadəcə bura 1 ildir ki, gəlmişəm, o qədər tanınmıram. Digər həmkarımın “norması” artıqlaması ilə dolandan sonra yanıma xəstə göndərirlər. Halbuki həmin xəstələrin əksəriyyəti üçün hansı həkimdə müayinə və müalicə almağın əhəmiyyəti yoxdur”.

Yeri gəlmişkən, İTSS-nın çoxdan tətbiq olunduğu Türkiyə təcrübəsində pasient növbəlilik qaydasında xəstə gözləyən həkimə yönəldilir. Əgər kimsə çox tanınmış həkimin, professorun qəbuluna düşməyi arzu edirsə, bunun üçün əlavə ödəniş edir. Təxminən özəl klinikalarda olduğu kimi 30-100 manat civarında. Düşünürük ki, bu metodun tətbiqi İTSS üçün də vacibdir, ən azından növbələr azalacaq və daha ixtisaslı həkimə  yüksək qazanc əldə etmək imkanı verəcək. Lakin hazırkı halda bir həkimin digəri ilə müqayisədə üstünlük əldə etməsi İTSS-nın kəsirlərindən sayıla bilər, bu da haqlı narazılıq yaradır.

Digər narahatlıq İTSS-nın vəsaiti hesabına alınmış avadanlıqdan istifadə ilə bağlıdır. N.Həmzəyeva deyir ki, həmkarının kabinetində yerləşdirilən Lor endoskop aparatı ilə onun da xəstələrini müayinə etmək haqqı var: “O, ümumi istifadə otağına qoyulsa, hər ikimiz üçün əlçatan olar”.

Z.Eyvazov isə bildirir ki, qarşı tərəf bu aparatdan normal istifadə etmək üçün kurslara getsəydi, daha yaxşı olardl: “Görürsünüz, bu qurğu təkər üstədir. Hətta cərrahiyyə otağına da aparırıq. Bu, əlbəttə mənə deyil, bütün xəstəxanaya məxsusdur”.

Hazırda bahar fəsli olduğundan xəstəxana korpuslarında isti-soyuq o qədər də hiss olunmur. Mərkəzləşdirilmiş istilik sistemi qurulduğundan qış aylarında heç bir narahatlıq baş vermir. Amma nəzərə alsaq ki, biz Mərkəzi Aranda yaşayırıq və ilin əksər ayları isti keçir, xüsusən iyundan sentyabradək dözülməz istilər ara vermir, onda xəstəxanada süni havalandırma sisteminin olmaması narahatlıq doğu-rur. Həkimlər deyirlər ki, kondisionerdən istifadəyə icazə verilmir: “Məcburuq qapı-pəncərəni açıq qoyaq. Nəticədə özümüz xəstələnirik…”

1186 xidmət sığortadan kənarda

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev ötən ilin sonunda Milli Məclisdə Azərbaycanın üç rayonunda  həyata keçirilən pilot layihənin nəticələrini açıqlayarkən deyib ki, əhalinin tibbi xidmətə əlçatanlığı yaxşılaşıb: “Belə ki, pilot layihə həyata keçirilən əra-zilərdə əməliyyatların sayı 52 faizdən çox artıb, xəstəxanalarda çarpayılar kifayət qədər dolub, ölüm halları azalıb. Ən çox həyata keçirilən əməliy-yatlar ürək əməliyyatları olub”.

Hazırda icbari tibbi sığortanın baza paketinə 1829 növ müayinə, müalicə, diaqnostik prosedurlar, cərrahiyyə əməliyyatları və digər tibbi xidmət da-xil edilib. Əhalinin müraciətləri nəzərə alınmaqla, gələn ildən Azərbaycanda ekstrakorporal (süni) mayalanmanın və orqan transplantasiyasının limitli şəkildə icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi də nəzərdə tutulur.

Lakin təhlil aparanda vəziyyətin o qədər də qənaətbəxş olmadığı qənaətinə gəlirik. Problem bundadır ki, baza zərfi ilə əhatə olunmayan 1186 xidmət mövcuddur. Məsələn, yumurtalıq kis-tasının laporaskopik çıxarılması 960, burun-udlaq kütləsinin çıxarılması 720, burun çəpəri perforasiyasının bər-pası 320, dərialtı şişlərinin çıxarılması 80, parasaggital şişlərinin çıxarılması 2800, 3-cü mədəcikdaxili şişlərin çıxarılması 4000, iki tərəfli dodaq yarığı 640, damaq yarığı 680, üz iflicində sərbəst əzələ ilə bərpa 2800, meyitdən (beyin ölümü olmuş xəstədən) qaraciyər transplantasiyası 28000 manata başa gəlir. Yəni baza zərfi ilə əhatə edilməyən xidmətlərdən bəhrələnmək istəyənlər mövcud tarif üzrə pul ödəməli olurlar, bu da əvvəllər həkimlərə ödədiklərindən çoxdur.  Azərbaycanda mədə qanaxmasına tez-tez rast gəlinir, lakin bu xəstəlikdən əziyyət çəkən şəxs tibbi xidmət tarifində nəzərdə tutulan 2100 manatı ödəməsə, əməliyyata götürülməyəcək. Nəticədə tibbi sığortası olan, lakin maliyyə imkanı olmayan on minlərlə xəstə sadəcə ağrılardan əzab çəkə-çəkə həyatının sonunu gözləməli olacaq.

Bu gün İTSS-nın baş tutduğu Mingəçevirdə həkimlərin və tibb işçilərinin əmək haqları xeyli artırılıb. Hətta elə həkimlər var ki, 5-6 mindən çox əməkhaqqı alırlar. Amma onların hamısının maddi durumu ürək açan deyil. Vaxtilə əhalinin dolandırdığı həkimlərin əksəriyət konveyer kimi çalışmalı, müalicənin əməliyyat növünə daha çox enerji xərcləməli, bir sözlə “planı” doldurub, bundan sonra maaşlarına əlavə ediləcək 10 faizlik bonusu almağa cəhd göstərməlidirlər.

Belə şəraitə dözə bilməyən həkimlərin bir hissəsi artıq Mərkəzi Xəstəxanadan uzaqlaşaraq, özəl klinikalarda çalışmağa üstünlük veriblər. Əslində pilot layihədə həkimlərin və xəstələrin mənafeyi yüksək səviyyədə nəzərə alınsaydı, gələcəkdə ölkənin digər ərazilərində İTSS-nin daha rahat reallaşması mümkün olar və söz-söhbətə,  yazışmalara və qalmaqallara ehtiyac qalmazdı. Yeri gəlmişkən, hazırda PHŞ rəhbərinin vaxtilə xəstəxanada çalışmış Şükür Qurbanov və jurnalist İxtiyar Həsənliyə qarşı məhkəmə çəkişməsi davam edir.

2020-ci il yanvarın 1-dən tibbi sığorta bütün ölkəni əhatə edəcək

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xidmətlər zərfi baza və əlavə hissədən ibarətdir. Baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir.  İl üzrə adambaşına 29 manata başa gələn və  dövlət büdcəsi hesabına ödənilən baza xidmətlərindən həm ölkəmizin vətəndaşları, həm də Azərbaycanda daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pulsuz yararlana biləcəklər.

Xidmətlər zərfinin ixtisaslaşdırılmış tibbi yardım alınmasını nəzərdə tutan əlavə hissəsindən istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Sığorta yığımı Milli Məclisin 28 dekabr 2018-ci ildə qanuna etdiyi dəyişikliyə əsasən aparılacaq. Belə ki, vəzifəyə təyin olunan, seçkili ödənişli vəzifədə çalışan və əmək müqaviləsinə əsasən işləyən şəxslər üzrə sığortalı tərəfindən-hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi, sığortaolunan tərəfindən-işçinin əmək haqqının aylıq 2 faizi-bütövlükdə 4 faizi tibbi sığortaya köçürüləcək.  Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özüməşğul əhali üzrə müəyyən edilən 120 manat illik sığorta haqqı da onların özləri tərəfindən qarşılanacaq.

Lakin 18 yaşınadək şəxslər, peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək şəxslər, əmək pensiyası alan və sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər, ünvanlı dövlət sosial yardımı alan şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, doğuşdan sonrakı dövr üçün məzuniyyətdə olan qadınlar, qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar tibbi sığorta haqqından azaddırlar. Həmin şəxslər üçün müəyyən edilən  120 manat illik sığorta haqqı dövlət büdcəsi hesabına ödəniləcək. Lakin qanun o zaman keçərlidir ki, şəxs Azərbaycan vətəndaşı olsun.

Qeyd edək ki, 2019-cu ildə xəstəxanaların icbari tibbi sığorta sisteminə keçidi üçün hazırlıq işlərinin başa çatdırılması, 2020-ci ildən bütün ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqinə başlanması planlaşdırılıb. Düşünürük ki, burda qaldırdığımız problemlərin həlli gələcəkdə tibbi sığortanın populyar olmasına və əhalinin ondan yüksək səviyyədə faydalanmasına imkan yaradacaq. Həm də sığorta müəssisələrinin dövlət xəstəxanaları ilə bərabər özəl klinikaları da əhatə etməsi sağlam rəqabətə yol aça bilər.

Tag
Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close