“Bu gün əsas vəzifə çoxmənzilli yaşayış binalarını mənzil mülkiyyətçilərinin tam mülkiyyətinə verilməsinə nail olmaqdır. Bu iş təkcə maarifləndirmədən keçmir, eyni zamanda əhaliyə praktiki və hüquqi aspektdə yardım göstərilməsinə ehtiyac var. Belə ki, mülkiyyətçilərin qanunun tələblərinə uyğun şəkildə ümumi yığıncaqlarının keçirilməsi, protokolların tərtib olunması, digər sənədlərin hazırlanması və qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim olunması başlıca şərtdir. Əksər mülkiyyətçilər bu prosedurları keçməkdə çətinlik çəkirlər. Eyni zamanda yeni yaradılacaq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərini idarə etməkdə onlara bir müddət yardım edilməlidir”.
Bu fikirləri mayın 17-də keçirilən ümumşəhər konfransında Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin prezidenti Fəman Nəbiyev səsləndirib. “Çoxmənzilli binaların idarə olunması: problemlər və perspektivlər” barədə məlumat verən natiq bildirib ki, rəhbərlik etdiyi təşkilat may ayının əvvəlindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi” layihəsini həyata keçirir: “MVA 2016-cı ildən Şuranın layihələri çərçivəsində mənzil mülkiyyətçilərinə evlərini birgə idarəetmə təcrübəsini öyrədir. Əvvəlki illərdə olduğu kimi, bu il də layihə mənzilkommunal təsərrüfatı xərclərində dövlətin yükünü azaltmaq, yaşayışçıların evlərinin saxlanmasına maraqlarını artırmaq, davamlı maarifləndirmə, hüquqi və praktiki yardım yolu ilə bölgələrdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunması prosesinə kömək göstərmək məqsədi daşıyır”.
Mingəçevir Bələdiyyəsinin akt zalında baş tutan konfransda İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev çoxmənzilli binaların idarə olunması üsullarından danışıb: “Doğrudur, əhalinin müəyyən hissəsi yeni idarəetmə formasına keçməyə, məsələn MMMC yaratmağa hazır və həvəsli deyil. Bəzi sakinlər belə hesab edirlər ki, onların şəxsi vəsaiti ilə binanı saxlamaq mümkün olmayacaq, buna görə də prosesə qarşı çıxır və əks təbliğat aparırlar. Sovet dövrünün kooperativlərindən, MTK-lardan fərqli olaraq, MMMC-lər daha demokratik qurumdur. Çünki burda quruma rəhbərlik seçki əsasında formalaşır, binanın saxlanma xərcləri ilə bağlı tarifləri mənzil mülkiyyətçiləri özləri razılaşdırırlar. İdarə heyəti mütəmadi olaraq mülkiyyətçilər qarşısında hesabat verir. Bütün fəaliyyətə, maliyyə məsələlərinə əhali özü nəzarət edir, hətta həsas qruplara nə kimi güzəştlər edəcəyini də yığıncaqda müəyyənləşdirir”.
Mənzil idarəçiliyində bələdiyyələrin rolu və vəzifələri barədə məruzə edən Mingəçevir Bələdiyyəssinin komissiya sədri Zahid Qasımlı xüsusilə vurğulayıb ki, qanuna görə mənzil mülkiyyətçiləri bir il ərzində idarəetmə üsulunu seçməzsə, bələdiyyə bununla bağlı açıq müsabiqə keçirir: “Çoxmənzilli binanın sahə mülkiyyətçiləri açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur”.
İqtisadiyyat Nazirliyinin mənzil kommunal siyasəti şöbəsinin böyük məsləhətçisi Rauf Xəlilov, Mingəçevir İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev, “Binəqədi-1” MMMC-nin direktoru Zakir Quliyev, mənzil mülkiyyətçilərindən Elman Əhmədov, Aydın Məmmədov, Anar Quliyev, Rəfael Qarayev, Dünya Məmmədova, Elman Abbasov və başqaları konfransda çıxış edərək, Mənzil Məcəlləsinin icrasını ləngidən amillərdən, sovet dövründə kooperativ yolu ilə tikilən binaların aqibətindən danışıb, maraqlı təkliflər irəli sürüblər. Qeyd olunub ki, bəzi qurumlar qanunun icrası prosesinə hələ də mane olurlar. Həm də bir çox insanlar sovet psixologiyasından çıxa bilmirlər. Özəlləşmədən sonra hər kəs öz mənzilini saz, təmirli vəziyyətdə saxlasa da, ümumi istifadə yerləri-pilləkən qəfəsləri, zirzəmi və dam örtüyü, binanın fasadı və həyətinə sahib çıxmır. Bir çox insanlar belə hesab edirlər ki, bütün bu işləri onların əvəzinə hökumət, yaxud mənzil təmiri və istismar idarələri edəcəklər.
Növbəti günlərdə İqtisadiyyat Nazirliyi, İqtisadi Təşəbbüslərə Yardım İB, “Binəqədi-1” MMMC və MVA-nın nümayəndələri həm mövcud sahənin problemləri ilə məşğul olan vəzifəli şəxslərlə, həm də yaşayışçılarla görüşüblər. Mingəçevir İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev, şəhər Bələdiyyəsinin sədri Coşqun Abdullayev ilə Mingəçevirdə mənzil fondunun durumu ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, Mingəçevirdə şəhər əhalisinin yaşadığı 560 və məcburi köçkünlərin məskunlaşdığı 9 çoxmənzilli bina mövcuddur, onların əksəriyyəti 40-50 il əvvəl inşa olunub. Sovet dövründə şəhərin Vaqif, 14, Xətai 12/1, Dilarə Əliyeva 14, Təbriz 21 və 28 ünvanlarında 5 kooperativ bina tikilib. Həmin evlər və digər məhəllələrdəki 70 bina istisna olmaqla, qalanlarının dam örtüyü son illərdə yerli icra hakimiyyətinin və Prezidentin ayırdığı vəsait hesabına dəyişdirilib.
Eyni zamanda Natəvan küçəsindəki 30/3 saylı ünvanda yerləşən yarımçıq binanın mənzil mülkiyyətçiləri ilə də idarəetmə üsulu barədə söhbət aparılıb. Aydın olub ki, 1992-ci ildə tikintisi yarımçıq qalan 60 mənzilli binanın 30 mənzilinin inşası mülkiyyətçilərin şəxsi vəsaiti hesabına başa çatdırılıb. Lakin bina təhvil-təslim olunmadığından yaşayışçılar həmin ünvan üzrə nə qeydiyyatlarını rəsmiləşdirə, nə də orderlərini reyestrdən çıxarışla əvəz edə biliblər. Nəticədə onların sahib olduqları mülkiyyət üzərində hüquqları bu günə qədər tanınmayıb. Görüşdə iştirak edənlərin çoxsaylı suallarını cavablandıran layihə heyəti Mənzil Məcəlləsinin tələbləri və MMMC yaratmağın yolları barədə ətraflı izahat veriblər.
Şərhlər bağlıdır.