Mingəçevirdə küçə və parklar boşalsa da həyat davam edir
Laqeydlik göstərənlərin canlarına isti keçib
Son günlərədək Mingəçevirdə əhalinin koronavirusdan qorunması istiqamətində aparılan tədbirlər kifayət qədər yetərli deyildi. Hökumət qurumlarının ciddi səylərinə baxmayaraq, bu xəstəliyi ciddi qəbul etməyənlər vardı.
Nə gizlədək, dünənə kimi şəhərin mərkəzi bazarı əvvəlki kimi işləyirdi. Hətta qarşı hissədə, ayaq altında meyvə-tərəvəzin, süd-qatıq və balıq məhsullarının satıldığını görürdük. Əksər satıcılar nə maska geyinir, nə əlçək taxır, nə də digər qorunma vasitələrindən istifadə edirdilər. Bu barədə bir həftə əvvəlki məqaləmizdə də yazmışdıq.
İndi isə vəziyyət dəyişir. Şəhərdə koronavirusa yoluxma barədə söhbət yayılandan sonra adamlar təşvişə düşməyə başlayıblar. Bu barədə rəsmi məlumat verilməsə də, whatsapp şəbəkəsində müzakirələr gedir: “O bədbəxt kimdir?”, “Deyirlər ailəsini, qonum-qonşularını gəlib aparıblar”, “O gündən bazarı bağlayıblar…”
Əslində bu arzuolunmaz xəbərin bir müsbət tərəfi var. Amerikada, İtaliyada və İspaniyada, hətta Bakıda baş verənlərə bölgədəki insanlar laqeydcəsinə yanaşırdılar: “Əşi, bizdən uzaqdadır”. Amma indi canlarına isti keçib. Hər kəs düşünür ki, yaşadığı şəhərdə də bu xəstəliyə tutulan varsa, adi bir ehtiyatsızlıq üzündən onun və ailəsinin də koronavirusa yoluxmağı mümkündür. Ona görə də əksəriyyət indi başa düşür ki, hökumətin “Evdə qal!” çağırışına əməl etməsi çox vacibdir.
Hələ də uşaqları həyətlərdə görürük
Aprelin 2-3-də şəhərin müxtəlif məhəllələrinə baxış keçirdik. Toxucular və Nərimanov küçələrinin kəsişməsində yerləşən həyətlərin birində uşaqların topa halında həyətdə oynadıqlarının şahidi olduq. Onların valideynləri balkondan baxırdılar. Sanki “Evdə qal, ailəni qoru!” çağırışından xəbərsiz idilər. Valideynin birindən soruşuruq: “Niyə övladınızı küçəyə buraxırsınız? Qorxmursunuz koronavirusa yoluxar?”. Cavabı belə olur ki, uşağı evdə saxlamaq mümkün deyil. Belə məsuliyyətsiz valideynlər hesab edirlər ki, məktəbləri bağlayıb, övladlarına tətil veriblər.
Yolboyu küçədə hərəkət edən uşaqları və böyükləri görürük. Heç də hamısının ağzında maska yoxdur. Hətta aralıq məsafə də gözlənilmir. Tanıdığımız polis işçilərindən biri deyir ki, xoşaxoşluqla evində oturmaq istəməyənlərə qarşı gərək əvvəldən sərt tədbirlərə əl atılaydı.
Qaydaları pozanlar həbs olundular
Karantin rejim qaydalarının təmin olunması məqsədilə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları reydləri davam etdirirlər. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Yevlax rayon sakini Habil İbrahimov Mingəçevir şəhərinin girişində yaradılan postda polisin “saxla” əmrinə məhəl qoymayaraq şəhərə girib. Həmin şəxs saxlanılıb və şəhər Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub. Eyni zamanda ŞPŞ-nin əməkdaşları xidmət zamanı şəhər sakinləri Asim Cəfərov və Fəqani Ağayevin sərxoş halda çöldə gəzdiklərini müşahidə ediblər. Məhkəmə həmin şəxslər haqqında həbs qərarı verib. Ümumiyyətlə son iki gün ərzində Mingəçevirdə karantin rejim qaydalarını pozan 40-dan artıq vətəndaş barəsində inzibati protokol tərtib edilib.
Məktəblər bağlansa da dərslər dayanmayıb
Mövcud vəziyyətlə əlaqədar olaraq, tədris prosesində davamlılığın təmin edilməsi üçün Mingəçevir Dövlət Universitetində (MDU) dərslərin online və offline rejimdə aparılmasına başlanıb. Bu məqsədlə məsafədən təhsil sahəsində beynəlxalq təcrübədə geniş yayılmış “ZOOM” platformasının video-konfrans alətinin tətbiqi müəllim və tələbələr arasında bağlantı yaratmağa, görüntülü və çoxtərəfli müzakirələr aparmağa imkan verib. Müəyyən edilmiş cədvəllər əsasında keçirilən dərslərə tyutorlar fəal şəkildə cəlb olunublar.
Eyni zamanda alternativ tədris metodu qismində universitetin professor-müəllim heyəti üzvlərinin hazırladıqları videodərslər youtube kanalına yerləşdirilib. Mingəçevirin musiqi məktəblərinin müəllimləri də videodərslər vasitəsilə tədris proqramını davam etdirirlər.
Küçələr boşalıb, amma həyat davam edir
Get-gedə küçə və məhəllələr adam sarıdan boşalsa da, Mingəçevirdə həyat davam edir. Ərzaq mağazaları və apteklər əvvəlki qaydada işləyir və əhalinin zəruri ehtiyaclarının ödənməsi təmin edilir. Əhalinin narazılığı əsasən maska tapa bilməməsi ilə bağlıdır.
Şəhərdə indiki ağır durumda aprel şəhidlərinin xatirəsi də unudulmayıb. Aprelin 3-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Şəhidlər Xiyabanına gələrək, 4 il öncə şəhid olmuş Teymur Qasımov, Adil Adilzadə, Rüstəm Əhmədov və Rahim Tağıyevin məzarlarını ziyarət edib.
Mingəçevir Şəhər İcra Hakimiyyətindən aldığımız məlumata görə, aprelin 2-3-də Dezinfeksiya Stansiyasının əməkdaşları sərnişindaşıyan 30 ədəd avtobus və mikroavtobusların salonlarını, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələrini dezinfeksiya ediblər. 120 yüksəkmərtəbəli yaşayış binasının giriş və pilləkən qəfəsləri, 1 inzibati bina, Mərkəzi Xəstəxananın acil şöbəsi, 4 sahibkar obyekti, 12 küçə, 4 MİS-in ərazisində məhəllədaxili yollar, 1 fərdi yaşayış massivində də dezinfeksiya aparılıb. İcra Hakimiyyəti tərəfindən yaradılmış işçi qrupunun üzvləri hər gün həyətləri gəzərək, açıq havada olan əhalini evinə getməyə, xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırırlar. Amma qaydaları pozanlar hələ də var…
Şərhlər bağlıdır.