Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun kollektivə və tələbələrə müraciəti

Mingəçevir Dövlət Universitetinin (MDU) hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!

Əziz tələbələrimiz!

Məlumunuz olduğu kimi, mövcud şəraitdə qarşımıza qoyduğumuz əsas vəzifə tədris prosesində davamlılığın təmin edilməsindən ibarətdir. MDU tərəfindən atılan bütün addımlar evdə qaldıqları müddətdə tələbələrimizin dərslərlə məşğul ola bilməsi üçün alternativ imkanların yaradılmasına xidmət edir.

Bildiyiniz kimi, cari ilin 17 mart tarixindən etibarən sizlərin iştirakınızla univetsitetimizdə dərslərin online (“ZOOM” platforması vasitəsilə) və offline (Youtube kanalı üzərindən) rejimdə təşkilinə start verilib. Bu günə qədər MDU kollektivinin fədakarlığı hesabına hər iki metodun tətbiqi ilə təqdim olunan dərslər tələbələrimiz və onların valideynləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Bildirirəm ki, “ZOOM” dərslərinə və “Videodərslər”ə davam etmək şərtilə, 06 aprel 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə MDU-da dərslərin “Microsoft Teams” platforması üzərindən keçilməsinə başlayırıq. Əminəm ki, daha geniş imkanlar təklif edən bu online təhsil alətinin tətbiqi MDU-da tədris prosesinin daha sistemli şəkildə təşkilinə imkan verəcəkdir.

Əvvəlcə də qeyd etdiyimiz kimi, hər üç məsafədən təhsil metodu alternativ tədris vasitələri hesab olunur və tələbələr üçün könüllü əsaslarla tətbiq edilir. Tələbələrin hər üç metoddan faydalanması arzu olunur və tərəfimizdən təşviq edilir. Bununla belə, tələbələr bu metodlardan birini və ya bir neçəsini seçməkdə tam sərbəstdirlər. Hər bir tələbə öz seçimini evdə olduğu dövrdə malik olduğu IT və internet bağlantısı imkanlarına görə edir. Eyni zamanda, tələbənin məsafədən keçirilən dərslərdə iştirakı üzrə davamiyyəti nəzərə alınmır. Daha konkret desək, online dərslərdə iştirak etməyən tələbənin davamiyyətlə bağlı problemi olmayacaq.

Bir daha xatırladım ki, mövcud qanunvericiliyə görə ölkəmizdə tədris prosesinin başlama və bitmə müddətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu səbəbdən də, tədris prosesinin hansı müddətlərdə və formatda keçirilməsinə dair müvafiq qərar verildikdən sonra fəaliyyətimizi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təqdim olunacaq müvafiq təlimatlar əsasında quracağıq.

Hazırki şərtlər daxilində tədrisin təşkilində fəal iştiraka görə MDU kollektivinə və tələbələrə təşəkkür edirəm.

Tələbələrimizi karantin müddətində evdə qalmağa və evdə qalan MDU müəllimləri tərəfindən hər üç metodla təqdim olunan dərslərdən faydalanmaqda davam etməyə dəvət edirəm.

Özünüzü və doğmalarınızı qoruyun!

Daha çox

Oxşar yazılar

Close