Mingəçevirdə kirayədə qalan günərzi qayğı mərkəzi
“Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamı ilə ölkəmizin daha 30 rayonunda günərzi qayğı mərkəzləri yaradılıb. Həmin mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən müvafiq layihələr çərçivəsində təşkil edilib. Mingəçevirdə bu işi Əlil Qadınlar Cəmiyəti aparır.
Cəmiyyətin Mingəçevir şəhər şöbəsinin sədri, I qrup gözdən əlil Adilə Cəlilovanın dediyinə görə, hazırda mərkəzdə 30-dək uşağın yarımstasionar şəraitdə təlim-tərbiyəsi, qidalanması, eləcə də müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır: “Onların asudə vaxtının maraqlı keçməsi üçün mütəmadi olaraq ekskursiyalar, müxtəlif gəzintilər təşkil edirik. Biz reabilitasiya tipli 150 ailədə maarifləndirici tədbirlərdən sonra 50 uşağı mərkəzə cəlb etmişik. Bu uşaqlarla gündə 2 saat məşğul oluruq. Amma günərzi qayğı mərkəzinin 30 uşağı (3 -18 yaş arası) ilə səhər saat 9-dan axşam saat 6–ya qədər məşğul oluruq”.
Adilə xanım üzləşdikləri problemdən də söz açdı. Bildirdi ki, həm əlil qadınların, həm də uşaqların yerləşdikləri binada sıxlıq olduğundan əziyyət çəkirlər: “Əlil Qadınlar Cəmiyyətinin Mingəçevirdə uzun illərdir ki, qeyri-yaşayış sahəsi mövcuddur. Amma müəyyən səbəblərdən ora yerləşə bilmirik. Burada isə kirayədəyik”.
Mərkəzdə 10 qadın işlə təmin olunub. Burada pedaqoq, tərbiyəçi, sosial işçi, psixoloq, musiqi müəllimi, aşbaz və digər işçilər fəaliyyət göstərir. Mərkəzin psixoloqu Nargilə Əhmədzadə bildirir ki, bu uşaqlarla işləmək çətin olsa da onlara səbrlə yanaşır: “Daun sindronlu, serebral iflic olan uşaqlarda irəliləyiş var. Qeydiyyatda bu tipli 58 uşaq var. Yataq xəsətəsi olan uşaqlarla (2-18 yaş arası) da evlərində məşğul oluruq”.
Onu da öyrəndik ki, mərkəzə yerli sahibkarlar dəstək göstərir. Onlar qayğıya ehtiyacı olan uşaqları paltar və digər əşyalarla pulsuz təmin edirlər.
Şərhlər bağlıdır.