Energetiklər qəsəbəsi səliqə-sahmanı ilə şəhərin sol sahilindən geri qalmır
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov noyabrın 27-də Energetiklər qəsəbəsində, 8 saylı məktəbin akt zalında sakinlərlə görüşüb. Qəsəbə sakinləri başçının mütamadi olaraq qəsəbəyə gəlməsi və qaldırılan problemləri həll etməsindən məmnunluqlarını bildirib. Onlar diqqətə çatdırıblar ki, qəsəbə səliqə-sahmanı ilə şəhərin sol sahilindən geri qalmır. Belə ki, ərazidə məhəllələr abadlaşıb, yollara asfalt örtüyü çəkilib, dayanacaq quraşdırılıb, yaşıllıqlar vaxtı-vaxtında suvarılır.
Səyyar görüşlərdə qaldırılan məsələlər mərhələli şəkildə həllini tapsa da, bəzi problemlər qalmaqdadır. Y.Mansurov küçəsindəki 13 saylı binada yaşayan Elxan Rəşidovun dediyi kimi, qəsəbədə isti su sarıdan, zirzəmilərin dezinfeksiya olunmaması və kanalizasiya xətlərinin yararsızlığından, enerjinin normadan aşağı gərginlikdə verilməsi üzündən narahatlıq yaşanır.
Bütün səsləndirilən fikirləri qeydiyyata götürən İlham ismayılov açıqlama verib ki, Mingəçevirin nümunəvi şəhərə çevrilməsi üçün davamlı işlər aparılır və heç bir küçə və məhəllə bu prosesdən kənarda qalmayacaq. Eyni zamanda dərhal həll oluna biləcək məsələlərin həlli üçün idarə və müəssisə rəhbərlərinə yerində göstərişlərini verib.
Şərhlər bağlıdır.