Mingəçevirdəki xidmət mərkəzində vergi ödəyiciləri üçün seminar
Fevralın 27-də 11 saylı Ərazi Verglər İdarəsinin Mingəçevirdəki Xidmət Mərkəzində sadələşdirilmiş vergi ödəyiciləri üçün seminar keçirilib. 11 saylı ƏVİ-nin xidmət şöbəsinin baş dövlət vergi müfəttişi Elçin Paşayev və dövlət vergi müfəttişi Ramiz Həsənov sadələşdirilmiş vergi hesabatlarının online təqdim olunması barədə izahat veriblər.
E.Paşayevin sözlərinə görə, istənilən sadələşdirilmiş vergi ödəyicisi www.e-taxes.gov.az ünvanının GİRİŞ bölümündən ASAN İMZA, e-İMZA yaxud ƏVİ –dən verilən istifadəçi kodu, parol və şifrə ilə öz şəxsi hesabına daxil olub, bu əməliyyatı çox asanlıqla və bir neçə dəqiqəyə yerinə yetirə bilər: “E-bəyannamə bölümünü seçməklə, hər kəs şəxsi vərəqinə daxil olur. Bundan sonra hesabat dövrünün hər ayı üzrə ümumi dövriyyə cədvələ daxil edilir. Əgər bu vəsait Bakıda qazanılıbsa, əvvəlki sütuna, rayonda qazanılıbsa, növbəti sütuna rəqəmləri yazmalısınız. Nəzərə alın ki, SV ödəyiciləri üçün paytaxtda 4, ondan kənarda isə 2 faiz vergi ödəmək tələb olunur. Muzdlu işlə bağlı isə növbəti cədvəli açıb, aylar üzrə işçi sayını, ödənən əmək haqqını və tutulan gəlir vergisini yazmaq lazımdır. İşi bitirdikdən sonra “enter” düyməsini basıb, bildirişi çap etmək olar”.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə danışan E.Paşayev deyib ki, vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olduqda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yaranır: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanunu ilə Vergi Məcəlləsinin 155.1-ci maddəsində dəyişiklik edilərək 1 yanvar 2016-cı il tarixdən vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata dayanmaq öhdəliyini yaradan vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan 200.000 manatadək qaldırılmışdır. Eyni zamanda ƏDV ödəyicisi SV ödəyicisi olmaq istəyirsə, Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən vergiyə cəlb olunan əməliyyatların ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmamalıdır. Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə vermək mümkündür”.
E.Paşayev onu da deyib ki, hər bir vergi ödəyicisi son 3 ildə hesabat zamanı səhvə yol veribsə, bunu aradan qaldıra bilər: “Tutaq ki, hər ay ərzində 500 manat gəliriniz olduğu barədə hesabat vermisiniz. Lakin kassa qəbzlərini araşdırarkən az və ya çox olduğu qənaətinə gəlirsiniz. Həmin dövr üçün dürüstləşdirmə hesabatı verilir. Təbii ki, vergi orqanı bunu yoxlayamaq istəyəcək. Buna görə də həmin qəbziləri də vergi orqanına təqdim etməlisiniz”.
Şərhlər bağlıdır.