Mingəçevirdəki jurnalistləri “Qüllə”yə niyə toplamışdılar?
“Dörd-beş il qabaq “Hidrolotos” şirkəti Mingəçevirdə su-kanalizasiya təsərrüfatının yenidən qurulmasıyla bağlı qazıntı işlərinə başlayanda bizim qəzetimiz həyəcan təbili çaldı. Çünki araşdıranda onun əvvəllər başqa bölgələrdə işi yarıtmaz gördüyünü öyrəndik və bu haqda yazdıq. Növbəti illərdə də bu mövzunu diqqətdə saxladıq. O zaman məmurlar bizim mövqeyimizə yaxşı yanaşmırdılar. Amma indi özləri də vəziyyətdən narazılıqlarını açıq-aşkar biruzə verirlər”.
Bu fikirləri “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev Milli Mətbuatımızın 142-ci ildönümü münasibətilə təşkil olunan şəhər tədbirində səsləndirib. Baş redaktor kağız qəzetin ömrünü başa vurmasına az qaldığından, onlayn medianı gücləndirmək planlarından da danışıb: “Hazırda biz mi-news.az və data.org.az səhifələrini idarə edirik. Məqsədimiz yeni alətləri tətbiq etməklə ictimaiyyəti vaxtında və doğru məlumatlandırmaq, eyni zamanda media fəaliyyətimizi gəlirli biznesə çevirməkdir. Peşəkarlığın artırılması üçün iyun ayında 2, iyulda isə 1 işçimizi Praqaya, beynəlxalq təlimə göndərmişik.”.
Baş redaktor onu da diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ciddi addımlar atır: “Cənab Prezident bu məqsəd üçün küli miqdarda vəsait ayırıb. Amma KİV-ə Dövlət Dəstəyi Fondunda əyləşənlər düşünmürlər ki, bu vəsaitdə bölgədə çalışan jurnalistlərin də payı var”.
“Kür” oteldəki “Qüllə” restoranında təşkil olunan ziyafətdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin və təşkilatların rəhbərləri də iştirak ediblər. Bayrama toplaşanları təbrik edən İH başçısı ölkə prezidentinin diqqət və qayğısı sayəsində jurnalistlərimiz üçün hər cür şərait yaradıldığından bəhs edib: “Ölkəmizdə söz və mətbuat azadlığı var. KİV-ə yüksək diqqət və qayğı mövcuddur. Ulu öndər hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirirdi. Bu gün möhtərəm prezidentimiz bu missiyanı uğurla davam etdirir”.
“Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, “Bənövşə” jurnalının redaktoru İsmayıl İmanzadə də fikirlərini bölüşüblər. Vidadi bəyin sintizatorda ifa etdiyi həzin musiqilər tədbir iştirakçılarına gözəl istirahət bəxş edib.
Şərhlər bağlıdır.