Mingəçevirdə İftar süfrəsi
İyulun 26-da Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə iftar süfrəsi təşkil edib. Açılışına bu mübarək mərasimlə başlayan “Ana Kür” şadlıq sarayında 300-dək dindar və ictimaiyyət nümayəndəsi toplaşıb. Heydər məscidinin imam müavini Müşfiq Nəcəfov Islamın müqəddəs bayramları içərisində orucluğun mühüm yer tutduğundan danışıb, Quranın Əl Bəqərə surəsinin 183-cü ayəsini xatırladaraq, bildirib ki, “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov deyib ki, Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir: “Onu “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olub”.
Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluğun da qadağan olunmasından danışan N.Bayramov vurğulayıb ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olunub, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişib, Orucluq bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olunmağa başlanıb.
İftar süfrəsində Qurani-Kərimdən ayələr oxunub, dualar edilib. Həmçinin Ramazan ayının fəzilətlərindən, bu cür İftar süfrələrinin müsəlmanlar arasında birlik, bərabərlik, və qardaşlığı daha da möhkəmkləndirməsindən söhbət açılıb.
Şərhlər bağlıdır.