Mingəçevirdə Hüquq Məsləhət Mərkəzi açıldı
2012-ci il aprelin 17-də ATƏT-in Bakı Ofisinin maliyyə dəstəyi ilə “İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyi Mingəçevirdə Hüquq Məsləhət Mərkəzini (HMM) açıb. Açılış mərasiminə qatılan səfir Koray Tarqay bildirib ki, mərkəz regionda davamlı iqtisadiyyatın inkişafı, kiçik və orta sahibkarlıq (KOS) üçün sağlam biznes mühitinin gücləndirilməsinə xidmət edəcək.
ATƏT rəsmisi deyib ki, iqtisadiyyatın şaxələndirilməsi və regionlarda qeyri-neft sektorunun gəlirlərinin artırılması baxımından Azərbaycanda KOS-un inkişafı çox vacib məsələlərdən biridir: “Beynəlxalq təcrübə də göstərir ki, KOS-lar adətən innovasiya və rəqabətə gətirib çıxaran dinamik gücdür və bu yolla da iqtisadi şaxələndirməni sürətləndirir. Almaniyada iqtisadiyyata çalışanların 80-85%-ni kiçik və orta sahibkarlar təşkil edir”.
Koray Turqayın sözlərinə görə, HMM qadınların da iqtisadiyyata cəlb olunmasını təşviq edəcək: “Qadınların iqtisadiyyatın inkişafında iştirakı sənaye və xidmət sahələrində ölkənin iqtisadi gəlirlərini xeyli artırır”.
Səfirin sözlərinə görə, Şəkidə fəaliyət göstərdiyi 9 ay ərzində mərkəzə 741 müraciət daxil olub: “Biz bu şəhərin və ətraf bölgələrin potensialına inanırıq. Bir az əvvəl mən Mingəçevirin yeni icra başçısı ilə də görüşdüm və xahiş etdim ki, mərkəzimizə göz-qulaq olsun. Mən onu ilk ziyarət edənlərdən idim, o bizə dəstək olacağına vəd verdi”.
“Mingəçevir işıqları” qəzeti müxbirinin: “ATƏT-in QHT və kiçik sahibkarlığın inkişafında töhfəsini, “Diffamasiya haqqında” qanun layihəsinin müzakirəsində Mətbuat Şurası ilə əməkdaşlığını qiymətləndiririk, amma bilmək istərdik ki, bölgə mediasının güclənməsi istiqamətində nə kimi tədbirləriniz var?” sualına səfir belə cavab verdi ki, təmsil etdiyi qurum həm hökumət və parlamentlə, həm də digər strukturlarla sıx əməkdaşlıq edir: “O ki qaldı mediaya, jurnalistlərini peşəkarlığının artırılması üçün seminarlar təşkil edirik və yaxın vaxtda onlara maliyyə köməkliyi də etməyi düşünürük”.
ATƏT-in Bakı Ofisinin bu layihədə tərəfdaşı olan İnsan Hüquqları üzrə Məlumatlandırma İctimai Birliyinin sədri İradə Cavadova isə bildirib ki, belə mərkəzlər 2010-cu ildən Bakıda və Şəkidə açılıb, amma bu gündən Şəkidəki mərkəz fəaliyyətini Mingəçevirdə davam etdirəcək: “Hesab etdik ki, mərkəzə bu bölgədə daha çox ehtiyac var”.
Açılış mərasimindən sonra “KOS-un iqtisadi inkişafda rolu” mövzusunda dəyirmi masa keçirilib. Dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyətini təmsil edən iştirakçılar ATƏT-in səfiri ilə birgə biznesin inkişafına şərait yaradan mühitin formalaşdırılması və KOS-un dəstəklənməsi yollarını, vergilər, qeydiyyat və lisenziyalaşdırma daxil olmaqla sahibkarlıq fəaliyyətinin tənzimlənməsini müzakirə ediblər.
Şərhlər bağlıdır.