Mingəçevirdə “Avropa İttifaqı Günləri”
Mayın 21-də Mingəçevirdə “Avropa İttifaqı Günləri”nə start verilib. Öncə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, eləcə də İttifaqa üzv olan dövlətlərin Azərbaycandakı diplomatik korpus nümayəndələri və digər qonaqlarla Mingəçevir İcra Hakimiyyətində rəsmi görüş keçirilib. İcra Hakimiyyəti başçısı İlham İsmayılov 2008-ci ildə Avropa İttifaqına üzv olan ölkələrin Brüssel görüşündə şərq tərəfdaşlığı təşəbbüsünü irəli sürməsinə diqqəti çəkib: “7 may 2009-cu il də Praqada Şərq Tərəfdaşlığı üzrə Zirvə görüşü keçirilib. Bu görüşdə Şərq Tərəfdaşlığı sahəsində əsas məqsədlər və prinsiplər, həmçinin gələcək əməkdaşlıq barədə birgə Bəyannamə qəbul edilib”.
Şərq tərəfdaşlığının 10-cu ildönümünə həsr olunmuş Avropa Günlərinin Mingəçevir şəhərində keçirilməsi proqramının çox zəngin olduğunu və bu proqramın müvəffəqiyyətlə keçiriləcəyini bildirən İcra Hakimiyyəti başçısı şəhərin tarixi və Mingəçevirdə görülən quruculuq işləri barədə də avropalı qonaqlara ətraflı məlumat verib, onları bu şəhərə sərmayə yatırmağa, investisiya qoymağa çağırıb. O, səfirlərə deyib ki, Mingəçevirdə xarici investorların fəaliyyəti üçün hər cür şərait mövcuddur.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas görüşdə çıxış edərək, şəhərə gəldikləri ilk andan onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib və qeyd edib ki, məhz Avropa İttifaqının xətti ilə Mingəçevirə bu qədər nümayəndə heyəti gəlib. Qonaq xüsusilı vurğulayıb ki, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində bu regionda 14 layihənin nümayişi nəzərdə tutulur: “Bu lahiyələr regionun inkişafı və insanların həyat səviyyələrinin yaxşılaşdırılmasına xidmət edir. Avropa İttifaqı hər vasitə ilə qaldırılan təşəbbüslərə dəstək durmağa hazırdır”.
Görüşdən xatirə olaraq qonaqlara Mingəçevirlə bağlı hədiyyələr təqdim edilib. Sonda xatirə şəkilləri çəkilib.
Bundan sonra avropalılar Mingəçevir Mərkəzi Xəstəxanasına baş çəkərək, məcburi tibbi sığorta Tvinning layihəsi ilə tanış olublar.
Axşam Səməd Vurğun adına meydanda “Avropa İttifaqı Sənin Üçün” tədbirinə başlanıb. Müxtəlif təşkilatlar layihələrlə bağlı fəaliyyətlərini meydanda qurulmuş çadırlarda sərgiləyiblər. Səfirlər və Mingəçevir İcra Hakimiyyəti başçısı səhnəyə çıxaraq, tədbirə toplaşanları öz ana dillərində salamlayıblar. Tədbir “Meridian” rok qrupunun konserti ilə başa çatıb. Bundan sonra qonaqlar və bir qrup mingəçevirli “Ağsaray” otelində təşkil olunan ziyafətdə bir araya gəlib.
Mayın 22-də Aİ layihələrinin media üçün informasiya sessiyası olub. Qonaqlar indiyədək bölgədə uğurla gerçəkləşdirilən 14 layihənin gedişi və nəticələri ilə yerində tanış olublar. Onlar həm də Samux rayonuna səfər edərək, SEEDS layihəsinin gedişini də izləyiblər.
Tədbirləri mərkəzi və regional medianın nümayəndələri izləyiblər.
Şərhlər bağlıdır.