Mingəçevirdə açıq məlumatlara dair təlimlərə start verildi
Noyabrın 21-də Mingəçevir Media Mərkəzində Mingəçevir Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində QHT, dövlət və KİV nümayəndələri üçün açıq məlumatlara dair təlimlərə start verib. Bir həftə ərzində davam edəcək təlimləri media üzrə mütəxəssis Lyaksey Lyavonçik idarə edir.
MVA-nın prezidenti Fərman Nəbiyev deyib ki, Azərbaycanda açıq məlumat təcrübəsinin genişləndirilməsinə ehtiyac var: “Bu seminarlar jurnalist, QHT və dövlət strukturları nümayənələrinə ona görə lazımdır ki, əhali ilə əməkdaşlığını daha rahat və sərbəst qurmağa nail olsun. Düşünürəm ki, layihədən Azərbaycan yetərincə bəhrələnəcək”.
Ekspert Lyaksey Lyavonçik bildirib ki, təlimin əsas məqsədi auditoriyanı açıq məlumatlarla tanış etmək və gələcəkdə onlara məlumatları hamının başa düşəcəyi şəkildə təqdim etməyi öyrətməkdir.
Təlim boyunca məlumatların toplanıb exsel cədvəlinə salınması, şəkillər və cədvəllər üzərində iş, statistik məlumatın yoxlanması, mənbələrdən ilkin məlumatların əldə olunması və s. məsələlər araşdırılıb.
3 qrup üzrə aparılan təlimlər noyabrın 27-dək davam edəcək.
Şərhlər bağlıdır.