Mingəçevirdə açıq məlumatlara dair növbəti təlimə start verilib
Mingəçevir Valideynlər Assosiasiyası martın 10-dan Çexiya (“Transitions”) və Polşadan (“Linking”) olan tərəfdaşları ilə birgə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində açıq məlumatlara dair silsilə təlimlərə və görüşləri davam etdirir. MVA-nın və layihənin rəhbəri Fərman Nəbiyevin dediyinə görə, Mingəçevir Media Mərkəzində keçirilən və dünəndən başlayan növbəti təlim birinci qrupda sabah başa çatacaq: “İkinci qrupda isə martın martın 17-dən 19-dək keçiriləcək. Təlimlər Azərbaycanın kütləvi informasiya vasitələri, QHT və dövlət müəssisələri nümayəndələri üçün nəzərdə tutulub. Məqsəd bu üç qrup nümayəndələrinə açıq məlumatların geniş mahiyyətini başa salmaq, əhali ilə birgə fəaliyyət zamanı jurnalistlərə, fəallara və dövlət qulluqçularına necə kömək edəcəklərini öyrətməkdir”.
Açıq məlumatlar son bir neçə il ərzində bütün dünyada inkişaf etməkdə olan bir istiqamətdir. O əsas diqqəti medianın və QHT-lərin daha çox əlavə auditoriya cəlb etmələrinə, dövlət orqanlarının ictimaiyyətlə iş zamanı mürəkkəb informasiyanı daha sadə və əyani şəkildə, asan başa düşülən tərzdə çatdıra bilmələrinə hesablanıb.
Məşğələlər Şərqi Avropada açıq məlumatlardan yüksək səviyyədə istifadə edən “Linking Media” təşkilatının mütəxəssisləri tərəfindən aparılır. 2012-ci ildə bu təşkilat açıq məlumatların geniş yayılmasında iştirak edib, yerli kütləvi informasiya vasitələrinə və QHT-lərə əyani materiallların, vasitələrin sayının artırılmasına və öz səhifələri üçün yeni auditoriyanın cəlb olunmasına kömək edib. Beynəlxalq təlimçi, media üzrə mütəxəssis Lyaksey Lyavonçik bu təlimlərin mahiyyətindən danışarkən deyib ki, təlim zamanı iştirakçılar təklif etdikləri mövzular üzrə xəritələr, xəritəçəkmə və qrafiklər yaratmaq, açıq məlumatlara dair layihələri müzakirə etmək, zamanı əyaniləşdirmək, Tableau proqramı üzərində işləmək imkanı qazanırlar.
2017-ci il martın 13-dən 16-dək Mingəçevir, Yevlax, Bərdə, Oğuz, Şəki, Ağdaş və Göyçay şəhərlərində icra, təhsil, səhiyyə, mədəniyyət və statistika işçiləri üçün nəzərdə tutulan məsləhət görüşlərində isə təşkilatlara yerli və beynəlxalq səviyyədə açıq məlumatlarla tanışlıq, mümkün layihələrə dair beyin həmləsi etmək və münasib layihə üzrə biznes planı hazırlamaq şansı yaradılacaq.
Təlimlərə seçim müsabiqə yolu ilə aparılıb. 70-dək şəxs müraciət etsə də, onlardan yalnız 30-u iştirak hüququ qazanıb. Bir qrup isə may ayında Bosniyada, iyulda isə Praqda MVA/LM/Tranzitions təşkilatlarının təşkil edəcəkləri təlimlərə də qatılacaqlar.
Şərhlər bağlıdır.