Xocalı Soyqırımının 27-ci ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub. Ağrılı -acılı Xocalı dəhşətlərindən bəhs edən dəyirmi masa ətrafı fəal müzakirələr keçirilib, inşa, rəsm müsabiqələri, sərgi və faciə qurbanlarının xatirəsinə həsr olunmuş idman turnirləri təşkil olunub. Anım tədbirləri “Xocalı Soyqırımı bəşəri cinayətdir” adlı elmi-nəzəri konfransla yekunlaşıb.
Konfrans iştirakçıları öncə Xocalı Soyqırımına həsr olunmuş sərgini ziyarət edib. Tələbələrin əl işlərindən ibarət sərgi ziyarətçilərin qəlbində kövrək duyğular oyandıraraq zəngin təəssüratlar yaradıb. Burada həmçinin Xocalı dəhşətlərindən bəhs edən videoçarx nümayiş olunub. Ardınca anım tədbiri iştirakçıları elmi- nəzəri konfransda bir araya gəlib. Konfransa toplaşanlar faciə qurbanlarını xatirə sükutu ilə yad edib. Daha sonra çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov qanlı qadalı o illərdən söhbət açıb. Əyyub Əyyubov erməni zehniyyətində türk, Azərbaycan düşmənçiliyinin dərin kök saldığını xatırladaraq əsrlər boyu xalqımızın başına mənfur düşmənlər tərəfindən ağlasığmaz faciələr gətirildiyini bildirib:
“Xalqımıza qarşı törədilmiş erməni vəhşilikləri və qətliamları hüdud tanımayıb. Demək olar bir neçə əsr bu dəhşətləri yaşamaq zorunda qalmışıq. Xocalı Soyqırımı bu dəhşətlərin ən pik nöqtəsidir. Bir şəhəri əhalisi ilə birgə yer üzündən silmək istəyi bəşəri cinayətdir və erməni millətçiləri bu cinayəti törətməklə bəşəriyyət qarşısında mühakimə olunmağa layiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Körpələrin dərisini soymaq, hamilə qadınları çarmıxa çəkmək, qocalara rəhmsiz davranmaq, ərlərin və qardaşların gözləri önündə xanımlarına, bacılarına və qızlarına təcavüz edərək işgəncə vermək tükirpədici həqiqətlərdir. Təsəlli verən yalnız odur ki, artıq dünya ictimaiyyəti bu məsələdə xalqımızdan yanadır. Bəşər övladı qabaqcıl dövlətlərin timsalında artıq bu dəhşətləri Xocalı Soyqırımı kimi qəbul edir, xalqımızın iztirablarına şərik olduğunu nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmlərindən etibarən Xocalı hadisələri siyasi-hüquqi qiymət aldı və Soyqırım olaraq dünya ictimaiyyətinə tanıdılmağa başlandı. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə proses daha da mütəşəkkil oldu. Heydər Əliyev Fondu, dövlət qurumları və diaspora təşkilatlarının fəal iştirakı ilə hər bir coğrafiyada Xocalıya ədalət arandı və bu gün də təbliğat kompaniyası aktual şəkildə davam etdirilir. Şübhə etmirik ki, xalqımıza bu dəhşətləri yaşadan qatillər və himayədarları ədalət kürsüsündə layiqli cəzasına çatdırılacaq.”
Bundan sonra Xocalı Soyqırımına həsr olunmuş sənədli filmə baxış keçirilib.
Ardınca konfransın digər məruzəçiləri dinlənilib. Pedaqoq Fəxriyə Məbudova, tələbələr Ayşən Qasımlı və Rəna Nağıyeva müvafiq olaraq “Xocalı Soyqırımı”, ”Əlif Hacıyev Xocalının cəngavəridir” və “Xocalı Soyqırımı bəşəri cinayətdir” mövzularında çıxış edib. Çıxışlarda dəhşət dolu anları xalqımıza yaşadan cinayətkarlar və himayədarları haqqında əhatəli məlumatlar çatdırılıb.
Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.
Qeyd edək ki, Mingəçevir Turizm Kollecinin kollektivi həm də ümumşəhər anım tədbirlərinə qatılıb. Pedaqoq və tələbələr Şəhidlər Xiyabanı Xatirə Kompleksində təşkil olunan tədbirdə iştirak edib, eyni zamanda tələbə özfəaliyyət qrupu tərəfindən həmin tədbirdə ədəbi –bədii kompozisiya nümayiş olunub.
Şərhlər bağlıdır.