Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məmməd Cəfərov istefa verdi, Ülviyyə Vəliyeva komitə sədri seçildi

Fevralın 12-də DİİXİHİ Mingəçevir  Şəhər Komitəsinin növbədənkənar konfransı keçirilib. Konfransda komitənin sədri Məmməd Cəfərov 2012-2016-cı illərin yekunu üzrə hesabat verib. O, bildirib ki, ötən müddətdə ittifaq üzvlərinin sosial-iqtisadi problemlərinin həlli, əmək hüquqlarının qorunması, istirahətlərinin təşkili istiqamətində ardıcıl işlər görülüb. İmkansız və xəstəliklə əlaqədar maddi yardıma ehtiyacı olan 169 nəfərə maliyyə köməkliyi göstərilib. Hesabat dövründə şəhər komitəsinin hesabına daxil olan üzvlük haqqı təyinatı üzrə xərclənib. Belə ki, onun 50%-i baş idarənin hesabına köçürülüb, qalanı isə yerli komitə işçilərinin əmək haqqına, yardımların  ayrılmasına və digər tədbirlərin maliyyələşdirməsinə sərf olunub:

“İttifaq üzvlərinin ehtiyaclarını qarşıla-maq üçün daha çox maliyyə vəsaiti tələb olunur. Üzvlərinin sayını artırmaq üçün şəhər komitəsi axtarışlar aparır”.

Bundan sonra Təftiş Komisiyasının hesabatı dinlənilib. Bildirilib ki, vəsait Həmkarlar Komitəsi rəyasət heyətinin qərarına və komitənin iş planına uyğun olaraq xərclənib, büdcə təyinatından kənara çıxmalara yol verilməyib.

Mingəçevir Şəhər  İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov  DİİXİHİ Şəhər Komitəsinin Mingəçevirin həyatında əvəzsiz rolundan, Məmməd Cəfərovun rəhbərliyi ilə təşkilatın fəallığından danışıb: ”İnanırıq ki, uğurlarınız davamlı olacaq, təşkilatın nüfuzu daima artacaq”.

Dövlət İdarələri və İctimai Xidmət  işçiləri Həmkarlar İttifaqları Respublika Komitəsi sədrinin müavini Əbülfəz Mehdiyev Məmməd Cəfərovun rəhbərlik etdiyi  komitənin fəaliyyətindən razılıqla danışıb: “Mingəçevirdə həmkarlar ittifaqının işi daima üzdə olub, həmişə yüksək qiymətləndirilib. Biz inanırıq ki, bu, davamlı olacaq. Həmkarlar təşkilatımızın ən qocaman, təcrübəli üzvlərindən olan Məmməd müəllim isə uzun illər ərzindəki səmərəli fəaliyyətinə görə AHİK-in medalı ilə təltif olunub”.

Ə.Mehdiyev medalı və vəsiqəni Məmməd Cəfərovun təqdim edib, ona uğurlar arzulayıb. M.Cəfərov  göstərilən diqqət və qayğıya görə AHİK-ə, respublika komitəsinə və həmkar yoldaşlarına  təşəkkürünü çatdırıb və bundan sonra fəaliyyətini  sıravi üzvlərdən biri kimi davam etdirməyə qərar verdiyini elan edib: “Uzun illərdir ki, bir yerdə çalışırıq. Hamınıza təşəkkür edirəm. birlikdə çox işlər görmüşük.  Mən artıq bu vəzifədən istefa verirəm və komitə sədrliyinə böyük iş təcrübəsi olan Ülviyyə Vəliyevanın namizədliyini irəli sürürəm”.

Konfrans sədrinin müraciətinə baxmayaraq, alternativ namizəd irəli sürülməyib. Komitənin mühasibi vəzifəsində çalışan Ülviyyə Vəliyeva açıq səsvermə yolu ilə DİİXİHİ Mingəçevir Şəhər Komitəsinin sədri seçilib. Konfransda komitənin yeni tərkibi də seçilib.

Şərhlər bağlıdır.