Mingəçevir teatrı “Xəncərə saralmış gül”ə sahib çıxdı
Maarifpərvər ədib Süleyman Sani Axundovun bədii əsərlərində, pedaqoji-elmi fəaliyyətində və vətəndaşlıq əməlləri ilə zəngin olan ictimai həyatında işıqlı fikirlərin təsdiqi, nurlu, xeyirxah əməllərin təbliği onun başlıca yaradıcılıq ideyaları kimi həmişə ön planda olub. Müəllifin 1922-ci ildə qələmə aldığı beş pərdədən, yeddi şəkildən ibarət “Eşq və İntiqam” əsəri realist bir faciədir.
Əsərin mövzusu bolşevik inqilabından əvvəlki Azərbaycanda insanları fəlakətə salan vəhşi adət-ənənələrdən, mülkədar və bəylərin törətdikləri qanlı faciədən, gənclərin bu müsibətlərdən xilas olmaq cəhdlərindən, onların azad məhəbbətindən, bir sözlə desək, haqsızlığa qarşı çıxan insanların həyatından bəhs edir.
Mingəçevir Dövlət Dram Teatrı bu mükəmməl səhnə əsərinə uzun illərdən sonra yenidəm müraciət edib. Rejissor respublikanın xalq artisti Zülfüqar Abbasov bu tamaşaya qurluş verib. Çox gərginliklərdən, bir aylıq məşqlərdən sonra nəhayət ki, zəhmət bəhrəsini verib. Belə ki, tamaşanın daxili baxışından sonrakı müzakirələr və primyeradakı hərarətli tamaşaçı alqışları bunu deməyə əsas verir.
Tamaşada teatrın bütün aktyor heyəti rol alıb. Aktyorlardan əlavə teatrın inzibati və texaniki heyəti də əsərin hazırlanmasına səfərbər olub. Hər kəs öz bacarıq və isdedadını müqəddəs səhnəyə ünvanlayıb. Məhz elə bu səbəbdəndir ki, monumental bir səhnə əsəri, gözəl bir tamaşa alınıb.
Belə bir tamaşanı ərsəyə gətirməyin nə qədər çətin olduğunu teatr mütəxəssisləri yaxşı bilirlər. Özü də nəzərə alaq ki, aktyorların bir çoxu heç bir ali və orta ixtisas üzrə sənət məktəbi keçmə-dən, birbaşa teatr studiyasından səhnəyə gəliblər. Belə olan halda Z.Abbasovun peşəkarlığına və istedadına qibtə etmək olar.
Mən də birbaşa bu tamaşanın bütün məşqlərində yaxından iştirak etmişəm. Məni ən çox heyran edən quruluşçu rejissorun hər bir aktyora obrazı tam dolğunluğu ilə izah etməsi, rolun mahiyyətini doğru, düzgün açması və uzun mübahisələrdən sonra sözün əsl mənasında öz istədiyinə nail olmasıdır.
Rejissorun tamaşaya əlavə etdiyi proloq diqqətəlayiqdir. Nikbin notlarla başlayan tamaşa bir növ tamaşaçıya gərgin anların yaşanacağı barədə xəbərdarlıq edir və onu diqqətli olmağa çağırır.
Tamaşada aktyorların əksəriyyəti gənclərdir. Lakin peşəkar, teatrın veteran olan sənət adamları da gənclərlə səhnəni paylaşmağa müvəfəq olublar. Respublikanın əməkdar artistləri Ella Yaqubova və Akif Mirabovun, Afət Əliyeva, Aydın Quliyev və Şıxı Yaqubovun iştirakı gənc aktyorlara xeyli dəstəkdir.
Bu, tamaşanın ümumi dinamikasında açıqca hiss olunur. E.Yaqubovanın Həcər xanım obrazını, onun daxili aləmini ustalıqla açıb tamaşaçıya təqdim edə bilməsi sayəsində ananın faciəsinə acımamaq olmur.
Xeyirxah, müdirik Piri baba obrazı isə Akif Mirabov və Nəsibxan Əliyevə tapşırılıb. Məşq prosesində A.Mirabov çox fəal idi. Təəssüf ki, tamaşa təhvil verilənə yaxın A.Mirabov səhhətində problemlərlə üzləşib. Biz Akif müəllimə Allahdan şəfa diləyirik.
Tamaşada aparıcı obrazlardan biri də Əlimərdandır. Bu obrazı Şıxı Yaqubov ifa edib. Aktyorun səlis danışıq tərzi, aydın səsi obrazı tamaşaçıya ustalıqla təqdim etməyə imkan verib.
Afət Əliyeva və Ruhəngiz Allahverdiyeva Yasəmən rolunu oynayırlar. Hər iki aktirisa öhdəsinə düşən obrazın iztirablarını tamaşaçıya özünəməxsus və fərqli oyun tərzi ilə çatdıra bilib.
Aydın Quliyev Şahbaz bəy obrazını oynayır. Şahbaz bəy meşşan həyat tərzi keçirən, azğınlaşmış bir bəydir, artıq qocalıb, sağalmaz bir xəstəliyə düçar olub, buna baxmayaraq bəd əməllərindən yenə də əl çəkmək istəmir. Böyük potensiala malik Aydın Quliyev obrazı özünəməxsus şəkildə tamaşaçılara təqdim etməyə çalışıb.
Hüseyn Mustafayevin oynadığı Çingiz obrazı da çox maraqlı bir obrazdır. Mən deyərdim ki, Hüseyn bu obrazın öhdəsindən gələ bilib. Jalə Davudova da bu aktyor ansambılına uyğunlaşa bilib. Qismən də olsa, aktrisa oynadığı Qəmər obrazının daxili aləmini açmağa cəhd edib.
Fəridə Məmmədova artiq teatrda bir neçə aparıcı rollar oynayıb. Bu aktrisada aktyora lazım olan əksər elementlər var. Görkəm, səhnə hərəkəti, plastika və s. Ancaq nədənsə danışığında bir zəiflik var. Fəridə burada Zöhrəni oynayır. Oynadığı obraz qənaətbəxşdir, ancaq, danışığı və səsi üzərində işləmək lazımdır.
Şəmsi Şahbaz bəyin oğludur. Çox tərbiyəli, dünyagörüşlü bir gəncdir. Aktyor Eyvaz Əliyev bu obraz üçün çox qurudur. Deyərdim ki, aktyor heç bir çeviklikdən, plastikadan istifadə etmir. Danışığı monotondur. Elə bu səbəbdəndir ki, rol çox quru alınıb. Ancaq Eyvaz ümüdverici gəncdir.
Səfi bəy obrazını Asim Məmmədov oynayır. Biz Asimi dəfələrlə komik rollarda görmüşük. Lakin çox qəddar, hiyləgər Səfi bəyi Asim məharətlə oynayır. Elmira İbrahimova isə həcmcə çox kiçik olan Xalisə nənəni bizlərə sevdirə bildi.
Firuz Hacıyevin ifasında Cəbi Lələ obrazı çox maraqlı alınıb. Ümumiyyətlə bu tip obrazlar F. Hacıyevdə çox duzlu alınır.
Amil Fərzayev Səfa rolunu oynayır. Həcmcə çox kiçik obrazdır. Amilin təqdimatında pis alınmayıb. Mərd, qorxmaz bir igid, Əlimərdanın silahdaşı olan İbadı İlqar Rəhimov bütün çalar-larıyla tamaşaçıya sevdirə bilib.
Tamaşada kütləvi səhnələrdə iştirak edənlər də var. Cavid Kərimov, Turqut, Ceyhun və Paşanın da zəhmətini itirmək olmaz. Rejissor köməkçisi Xəyalə Qənbərovanın, səhnə rəisi Könül Hacıyevanın, texniki işçi Namiqin pərdə arxası səhnəyə göstərdikləri xidmət danılmazdır.
Tamaşanın qurluşçu rəssamı Yusif İmamverdiyevdir. Bu təcrübəli rəssamın verdiyi səhnə tərtibatı tam dolğundur. Ön pərdədəki xəncərə sarılmış gül məhəbbətin, eşqin rəmzi, xəncər isə intiqamdır. Necə də orjinaldır. Yerində seçilmiş musiqilər də tamaşaçını yormur. Buna görə də musiqi tərtibatçısı Elnur Rəsulova təşəkkür düşür.
Bir sözlə, belə əsərlərə müraciət etmək çox təqdirəlayiq haldır. Belə tamaşalar gənc aktyorların püxtələşməsində əvəzsiz rol oynayır. Nəzərə alsaq ki, Mingəçevir teatrının aktyor heyəti əsasən gənclərdir, onda belə əsərlərə heç olmasa ildə iki-üç dəfə müraciət etmək yaxşı olardı. Bir sözlə, bu yeni tamaşa teatrımızın uğurlarına yeni uğur gətirdi.
Şərhlər bağlıdır.