Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir təhsili: məzunlardan 426-sı tələbə adını qazanıb

235

Mingəçevirin təhsil ocaqlarında növbəti dərs ilinə hazırlıq işləri başa çatdırılıb. Şəhərin 1, 7 və 9 saylı tam orta məktəbləri müasir səviyyədə yenidən qurulub,  zəruri avadanlıqlarla təchiz olunub. 57 min 309 nüsxə dərslik və dərs vəsaiti təhsil ocaqlarına gətirilib. Pilot məktəblərdə tədrisin təmayüllər üzrə təşkil edildiyi qruplar komplektləşdirilib. İstedadlı uşaqların birinci sinfə vaxtından əvvəl qəbulu ilə bağlı 180-dən artıq vətəndaşın müraciətinə baxılıb, obyektivlik təmin edilib, beşyaşlıların məktəblərə hazırlıq qrupları formalaşdırılıb.

Bu fikirlər Mingəçevir şəhər təhsil sistemində çalışan pedaqoji işçilərin  sentyabrın 8-də keçirilən konfransında səsləndirilib. Təhsil şöbəsinin müdiri Sahib Məmmədov keçən  tədris ilində qazanılan nailiyyətlər, eyni zamanda nöqsan və problemlər barədə ətraflı məlumat verib. O, vurğulayıb ki, Mingəçevirdə 19 tam orta məktəb, 2 lisey olmaqla cəmi 21 ümumtəhsil məktəbi və 7 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir: “Mingəçevir məktəblərində şagirdlərin təlim-tərbiyəsi ilə 1493 nəfər pedaqoji işçi məşğul olur ki, bunlardan da 1242 nəfəri ali təhsillidir. Diaqnostik qiymətləndirmədə Mingəçevir müəllimlərinin topladığı ümumi orta bal 41,08 və ya 69 faiz təşkil edib. Bu, respublika üzrə yüksək nəticələrdən biridir. Müəllimlərin 22,2 faizi 51-60 bal, 35,4 faizi 41-50 bal, 26,3 faizi 31-40 bal və 16,2 faizi 30 və daha aşağı bal toplayıb. 2016-2017-ci dərs ilində fənn olimpiadalarının respublika mərhələlərində Mingəçevir məktəbliləri 1 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıblar”.

Sahib Məmmədovun dediyinə görə, ilbəil məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi təhsilin uğurlarının artmasına, tədrisin keyfiyyətinin yüksəlməsinə imkan verir: “Bu il Mingəçevir şəhərinin tam orta məktəblərini bitirən məzunlardan 426-sı tələbə adını qazanıb. Onlardan 60-ı 600-dən, 64-ü isə 500-dən yuxarı bal toplayıb. Son beş ilin müqayisəli təhlili göstərir ki, həm ali məktəblərə qəbulun göstəricilərinə, həm də elmi layihələrdə, olimpiada və müxtəlif müsabiqələrdə iştiraka görə Mingəçevir məktəblilərinin əldə etdikləri nəticələr ürəkaçandır”.

Texniki Humanitar Liseyin direktoru Nailə Məmmədova, 10 saylı məktəbin riyaziyyat müəllimi Zenfira Məhərrəmova, valideyn Aydın Allahverdiyev, Təbiət, riyaziyyat, humanitar elmlər təmayüllü Liseyin şagirdi Rauf Hüseynovun çıxışlarında da uğurların səbəbləri açıqlanıb. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov son vaxtlara qədər məcburi köçkünlərin məskunlaşdıqları məktəblərdən 8-nin əsaslı təmirə ehtiyacı olduğu, məktəbdənkənar müəssisələrin maddi-texniki bazasını möhkəmləndirməyin vacibliyi barədə danışıb.    Azərbaycan Təhsil nazirinin müavini Firudin Qurbanov ölkə təhsilinin real mənzərəsinə nəzər salıb, növbəti dərs ilində pedaqoji işçilərin qarşısında duran məsələlərə aydınlıq gətirib.

Konfransın sonunda təhsilyanı şuranın yeni tərkibi seçilib, Azərbaycan Prezidentinə Mingəçevirin təhsil işçiləri adından müraciət qəbul edilib.

Şərhlər bağlıdır.