Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir payızı nə ilə yadda qaldı?

Məqsəd insanlarda, xüsusən gənclərdə ciddi filmlərə baxmaq vərdişləri aşılamaqdır

Uzun illərdir ki, Bakı istisna olmaqla, Azərbaycanın başqa yerlərində insanlar toplum halında kinoya baxmırlar. Mingəçevirdə bir dənə də kinoteatr qalmayıb. “Yay” klubundan uzun illərdir ki, anbar kimi istifadə olunur. “Arzu” şadlıq evinə çevrilib. “Kosmos”un yerində Heydər Əliyev Mərkəzi tikilib. “Bahar” son iyirmi ildə uçula-uçula axırda buldozerin qabağında “əridi”.
Bəzi ağzıgöyçəklər deyirlər ki, onsuz da hamı evində oturub, TV-də istədiyi filmi izləyir, daha kinoteatra nə ehtiyac? İlk baxışda razılaşmaq olar, amma…Bu məntiqlə razılaşsaq, gərək bütün məktəbləri də bağlayaq. Çünki hamı fərdi təhsil almaq üçün müəllim yanına evlərə gedir. Lakin dövlət kollektiv təhsilə ona görə vəsait ayırır ki, birlikdə, çoxluğun iştirakilə öyrənmək və öyrəndiklərini tətbiq etmək daha faydalı və səmərəlidir. Elə kinoya da bir yerdə baxıb, müzakirə edəndə daha çox tərbiyəvi nəticələr əldə etmək olur. Mingəçevirdə sənədli filmlər festivalını təşkil etmək məqsədimiz də bundan irəli gəlir- istəyirik ki, insanlarda, xüsusən gənclərdə ciddi filmlərə baxmaq vərdişləri yaransın.

Mingəçevir şəhərinin belə bir festivala ev sahibliyi etməsi çox yaxşı haldır”

Həm aprelin 8-10-da, həm də noyabrın 19-21-də Mingəçevirdə keçirilən sənədli filmlər festivallarında insan haqlarından bəhs edən 14 filmin nümayişi və müzakirəsi təşkil olunub. Festival haqda “Üç nöqtə”yə danışan əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudbəyovun fikirləri maraqlıdır: “Azərbaycanda bədii filmdən çox sənədli filmlərə ehtiyac var. Çünki bədii filmin bədii təfəkkür yükü var. Bədii təfəkkürü kimsə bəyənə və ya bəyənməyə bilər. Çünki bu hansısa bir rejissorun təfəkkürünün məhsuldur. Amma sənədli film konkret fakta əsaslanır… Mingəçevir şəhərinin belə bir festivala ev sahibliyi etməsi çox yaxşı haldır. Ümumiyyətlə, xalqımız, onun tarixi üçün nə iş görürlərsə, Allah canlarını sağ eləsin, uğurları bol olsun”.

Filmlər nədən bəhs edirdi?

Xəbər verdiyimiz kimi, festivalın açılışı Mingəçevir Politexnik İnstitutunun akt zalında təşkil olunub. Millətçilik, Rasizm və Ekstremizmə məruz qalmış insanlardan bəhs edən “Bizim Məktəb” (Mona Nikoara, Miruna Koka-Kozma / ABŞ, İsveçrə/ 2011/ 90 dəq) və “Xarabalıq hekayələri: Qyuri” (Andrey Daskalesk / Hollandiya, Rumıniya / 2011 / 8 dəq) filmərinin nümayişi və müzakirəsi noyabrın 19-da keçirilib. Tədbirin təşkilinə MPİ-nin Debat Mərkəzinin üzvləri yaxından kömək göstəriblər. Növbəti iki gündə Mingəçevir Media Mərkəzində davam edən kino bayramında Mingəçevir Turizm və Tibb kolleclərinin, AMİ Mingəçevir filialının müəllim və tələbələri, şəhərin mədəniyyət işçiləri iştirak ediblər.
Onlar 3 filmə baxıblar: “Gürcüstan qadınları” (Levan Kouqaşvili / Gürcüstan, ABŞ / 2009 / 54 dəq), “Qızıl Payız” (Yan Tethaven / Avstriya, Almaniya / 2010 / 54 dəq) və “Sərhədsiz xatirələr” (Mehmet Binay, Ayaz Salayev, Levon Kalantar / Türkiyə, Azərbaycan, Ermənistan/ 2012 / 55 dəq).
Bu filmlər tamaşaçılarımızı sanki qəflət yuxusundan oyatdı. Maraqlı süjetlər bir-birin izləyirdi: Amerikaya qeyri-qanuni işləməyə gəlmiş və işləyərək Gürcüstanda ailələrinə dəstək olan qadınlar- ailələri üçün öz həyatlarını fədakarlıqla qurban verən sivil qullar. Finlandiyanın Lahti şəhərində baş tutan 18-ci beynəlxalq Dünya Qocalar Çempionatında yarışan beş idmançının həssas, eleqant və bəzən məzəli portretləri. Yüz minlərlə azərbaycanlının doğma ata-baba yurdundan-İrəvandan qovulması, Osmanlı İmperiyası dövründə ermənilərin qırğını, eləcə də 1990-cı illərdə Sovet İmperiyasının dağılması ərəfəsində Azərbaycanla Ermənistan arasında yaşanmış Dağlıq Qarabağ münaqişəsi…

“Sadə azərbaycanlılar kimi sadə ermənilər də müharibə istəmirlər”

Biz festivala qədər bütün filmlərə bir neçə dəfə baxmışdıq. Xarici ekspertlərimiz deyirdilər ki, “Sərhədsiz xatirələr”in Ermənistanda nümayişi zamanı rejissorun ünvanına açıq etirazlar səslənirdi. Ermənilər filmin azərbaycanlı qəhrəmanı, İrəvan teatrıının aktyoru Elmira xanımın: “Yerevan bizim qədim torpaqlarımızdır. Hərdən düşünüəm ki, biz Bakıya qastrola gəlmişik, nə vaxtsa öz dədə-baba torpağımıza qayıdacağıq” deməsinə ciddi etiraz edirdilər.
Eyni münasibət filmin Mingəçevirdə baxışı zamanı da üzə çıxdı. Mingəçevir teatrının aktyoru, əməkdar artist Elmira Yaqubovanın fikrincə, erməni tərəfi daha ustalıqla hadisələri öz xeyrinə təqdim etməyi bacarıb: “Bundansa, bizim aktyorlarımızın da çəkildiyi “Xoca” filmini göstərməyiniz yaxşı olardı”.
Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev, aktyor Aydın Quliyev, Qabil İbrahimli və başqaları da belə hesab edirdilər ki, erməni rejissoru ilə müqayisədə Ayaz Salayevin süjeti zəifdir. Qonaq-ekspert kimi festival dəvət alan Aynur Elgünəş isə belə münasibətə görə tamaşaçıları qınadı: “Birincisi. “Xoca” bədii filmdir, burda isə sənədli filmlər nümayiş etdirilir. Bütün tərəflər real insanların həyat hekayələrini təqdim edib. Mən beynəlxalq tədbirlərdə ermənilərlə də görüşürəm və onların heç də hamısı sizin düşündüyünüz kimi deyil. Sadə azərbaycanlılar kimi sadə ermənilər də müharibə istəmirlər. O ki qaldı yaxşı film çəkməyə, əgər kimsə, bu işi Ayaz Salayevdən daha yaxşı bacarırsa, çıxsın ortaya…”

Yekun

Festivalın məsuliyyəti və əziyyəti “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin və bizə filmləri göndərən People-in Need təşkilatının üzərində idi. Birliyin icraçı direktoru Yeganə Nəbiyeva üç gün ərzində bütün müzakirələri aparmağı öhdəsinə götürdü. Gürcüstandan və Bakıdan gələn qonaqlarımız- Shorena Kuchukhidze, Naziko Meşveliani, Teyyub Mirqasımov və Aynur xanım müzakirələrin canlı keçməsi üçün əllərindən gələni əsirgəmədilər. 12 mingəçevirli isə bu dəfəki kino bayramımıza könüllü yardımları ilə töhfələrini verdilər. İndi bütün dünya bilir ki, Mingəçevir sənədli filmlər festivalına ev sahibliyi edir. Beləcə, hamının köməyi ilə hamımız yaddaşımızı tərpədən, həyatımıza təsir edən, bizi düşündürən, ağladan və güldürən anları, saatları, günləru yaşadıq. Görəsən bundan gözəl nə ola bilər?

 

Şərhlər bağlıdır.