Mingəçevir nöbəti aprel şəhidini anıb
Azərbaycan ordusunun düşmənin təxribatlarına cavab olaraq, tarixi qələbə qazanmasından bir il ötür. Ötən ilin aprel ayında Ermənistan ordusunun çoxlu canlı qüvvə və hərbi texnikasını sıradan çıxaran qəhrəman əsgərlərimiz bir neçə düşmən postunu da məhv edərək, strateji yüksəklikləri azad etdilər. Bu zaman torpaqlarımızın qorunmasında Azərbaycanın igid oğulları mərdlik,vətənə sadiqlik nümayiş etdirdilər, düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün canlarından, qanlarından keçdilər.
Mingəçevirlilər şəhidlərin, o cümlədən aprel hadisələrində həlak olan 4 hərbçimizin xatirəsini həmişə uca tutur. Bu gün Əhmədov Rüstəm Oruc oğlunun il mərasimi Şəhidlər Xiyabanında, şəhidin məzarı önündə yad edilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aprel döyüşlərində mərdliklə vuruşan Rüstəmin və digər şəhidlərin şücaətindən danışıb.
Mərasimdə çıxış edən digər natiqlər də şəhidin ailəsinə və yaxınlarına başsağlığı verib və bildiriblər ki, torpaqlarımızın müdafiəsi uğrunda dünyasını dəyişən oğullarımızın xatirəsi mingəçevirlilərin qəlbində əbədi yaşayacaq.
Bundan sonra Rüstəmin vaxtilə yaşadığı evin həyətində xeyrat verilib.
Qeyd edək ki, kiçik cavuş Əhmədov Rüstəm Oruc oğlu 2016-cı il aprel ayının 14-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Əhmədov Rüstəm Oruc oğli göstərdiyi şücaətə görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.
Şərhlər bağlıdır.