Aprelin 16-da Mingəçevirdə tələbələr arasında vergi olimpiadası keçirilib
Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyinin təşəbbüsü ilə hər il respublikanın ali məktəblərinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş vergi olimpiadası təşkil olunur. Bu il də olimpiadanın iki mərhələdə (seçmə və yekun) aparılması nəzərdə tutulub.
Seçmə mərhələni Vergilər Nazirliyinin Tədris Mərkəzinin təqdim etdiyi suallar və metodiki köməkliyi əsasında ali təhsil müəssisələri icra edəcəklər. Bu mərhələ respublikanın bir çox ali təhsil müəssisələrində, o cümlədən 11 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsinə aid olan və Mingəçevir şəhərində yerləşən Mingəçevir Dövlət Universitetində baş tutub. 16 aprel 2017-ci ildə MDU-da gerçəkləşən olimpiadada iştirak hüququ imtahanlarda ən yaxşı nəticə göstərmiş tələbələrə verilib. İmtahan keçirilən məkana Vergilər Nazirliyindən gətirilmiş test kitabçaları möhürlənmiş qaydada və imtahan iştirakçılarının önündə açılıb, suallar iştirakçılara paylanıb. Saat 10-da başlayan olimpiada 90 dəqiqə davam edib və 11.30-da yekunlaşıb. İmtahanın gedişinə ciddi nəzarət olunub. Sonda test kitabçaları imtahanın keçirilməsi ilə bağlı aktla birgə konvertə qoyularaq Vergilər Nazirliyiunə göndərilib.
Olimpiadanın I turunda ən yaxşı nəticə göstərmiş tələbələr növbəti mərhələdə iştirak hüququ qazanacaqlar. Olimpiadanın yekun mərhələsi isə Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində aparılacaq.
Şərhlər bağlıdır.