2020-ci ilin 13 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin “İqtisadiyyat və idarəetmə” fakultəsinin qrup nümayəndələri ilə görüş keçirib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşün əsas məqsədi mövcud şəraitdə tədrisin təşkili məsələlərinin müzakirə edilməsindən və tələbələri maraqlandıran sualların cavablandırılmasından ibarət olub.
Görüşü açan Ş.Bayramov tələbələrə koronavirusla mübarizə istiqamətində dövlətimizin həyata keçirdiyi sistemli tədbirlər barədə məlumat verib və bu sahədə ölkəmizdə tətbiq olunan modelin beynəlxalq ictimaiyyət tərəfindən nümunəvi hesab edildiyini diqqətə çatdırıb. Ş.Bayramov tələbələri karantin dövrünün tələblərinə riayət edərək evdə qalmağa və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasında fəal olmağa dəvət edib.
Ş.Bayramov mövcud şəraitdə MDU-da tədris prosesinin “Microsoft Teams” və “ZOOM” platformaları üzərindən, eləcə də “Videodərslər” vasitəsilə həyata keçirildiyini, tələbə və müəllim heyətinin hər üç metodla keçirilən dərslərdə yaxından iştirak etdiyini bildirib. Rektor qeyd olunan dərs metodlarının alternativ tədris alətləri kimi nəzərdə tutulduğunu, tələbələrin malik olduqları İT avadanlıqları və internetə çıxış imkanları əsasında həmin metodları seçməkdə sərbəstliyini, mühazirə mətnlərinin əvvəlcədən tələbələrə göndərildiyini vurğulayıb. Ş.Bayramov tələbələri evdə qaldıqları müddətdə MDU müəllimləri tərəfindən təqdim edilən dərslərdən maksimal dərəcədə faydalanmağa, “Microsoft Teams” və “ZOOM” platformaları üzərindən keçirilən online dərslərdə daha fəal iştirak etməyə, bu və ya digər səbəbdən dərslərə qoşula bilməyən tələbə yoldaşlarına mümkün yardımı göstərməyə çağırıb.
Görüşdə çıxış edən tələbələr karantin dövründə MDU-da tədrisin təşkili istiqamətində görülən işlərdən razı qaldıqlarını, online və offline formatda təqdim olunan dərslərdə həvəslə iştirak etdiklərini bildiriblər. Tələbələr təhsil prosesində dayanıqlılığın təmin olunmasına xidmət edən ciddi səylərinə görə universitet rəhbərliyinə, müəllimlərə, dekanlıq işçilərinə və tyutorlara təşəkkürlərini çatdırıblar.
Ətraflı müzakirələrin aparıldığı görüşdə Ş.Bayramov tələbələrin sərbəst işlər, kollokviumların keçirilməsi, yekun imtahanlarının təşkili və digər məsələlərə dair çoxsaylı suallarını cavablandırıb. O bildirib ki, tədris prosesinin ənənəvi qaydada davam etdirilməsinə dair hökumətin müvafiq qərarı olduqdan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan məsələlərlə bağlı müvafiq təlimatlar təqdim edəcəkdir.
Görüşün sonunda Ş.Bayramov koronavirusla mübarizə sahəsində sosial şəbəkələr vasitəsilə irəli sürülən çoxsaylı təşəbbüslərdə MDU tələbələrinin və gənc əməkdaşlarının fəal iştirak etdiyini vurğulayıb və buna görə təşəkkürünü bildirib.
Şərhlər bağlıdır.