Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Küçələrə su səpmişəm…”

Apteklərdə maska tapılır, amma…

İndi əhalinin daha çox getdiyi yerlərdən biri apteklərdir. Son günlərədək Mingəçevirin apteklərində maska qıtlığı yaşanırdı, amma hazırda vəziyyət stabilləşib. Şəhərin əksər əczaxanalarının qapıları gecədən xeyli keçənədək müştərilərinin üzünə açıqdır. İstənilən dərmanları da tapmaq mümkündür. Əgər müraciət edilən anda tapılmırsa, dərhal sifariş götürüb, bir neçə saata, uzağı növbəti günə gətizdirməyə boyun olurlar.

Amma ərzaq mağazalarından fərqli olaraq, baş çəkdiyimiz apteklərin heç birində bank kartı ilə əməliyyat edə bilmədik.  Əczaçılardan hər dəfə “Bizdə alış-veriş ancaq nəğd qaydada olur” cavabını eşitdik. 1-ci qrup Qarabağ əlili Əbülfət Babayevin fikrincə, koronavirusa qarşı mübarizə apardığımız indiki zamanda nəğd yolla dərman satılması başa düşülən deyil: “İndi hər kəsin cibində bank kartı var. Əslində əldən-ələ keçən pul əskinasları xəstəlik daşıyıcısı ola bilər. Buna görə də apteklərdə POS-terminalların olması çox vacibdir. Yəqin ki, vergilər idarəsi tezliklə bu məsələni də nəzarətinə götürəcək”.

Yeri gəlmişkən, başqa ölkələrdə iynə-dərmanların onlayn satışı çox rahatlıqla həyata keçirilir. İstanbulda yaşayan Sərdar Güngörün dediyinə görə, o, evdən çıxmadan onlayn qaydada həkimi ilə əlaqə saxlayıb, müayinə oluna, resepti üzrə dərmanlarını da  aptekdən evinə gətizdirə bilir: “Çox rahat bir sistem qurulub. Resept internetlə həkimdən aptekə göndərilir və mənə də bu barədə ismarış gəlir. Mən kartımdan onlayn qaydada ödənişi edəndən bir neçə dəqiqə sonra ən yaxın aptekdən dərmanı evimə çatdırırlar”.

“Təkər qaraldanlara” hələ də rast gəlirik

Şəhərin ən izdihamlı yerlərindən biri “5+ supermarket” mağazasıdır.  Karantin rejimindən əvvəl olduğu kimi, indi də mağazanın ətrafında xeyli maşının dayandığının şahidi oluruq. Bu, başa düşüləndir, çünki qanuni icazə ilə marketə gələnlərin bir hissəsi vaxtlarına qənaət etmək məqsədilə şəxsi maşınlarından istifadə edirlər. Biz onların maşınlarının hərəkətinə icazə alıb-almadıqlarını araşdırmamışıq, toxunmaq istədiyimiz məsələ də bunda deyil. Adətən istirahət yerlərində, mağaza və restoranların qarşısında nəqliyyat vasitələrini saxlayan sürücülər geri qayıdarkən azyaşlıların maşınlarının təkərlərini qaraltdıqlarını görürlər. Kimi heç nə demədən cibindən çıxarıb bir-iki manat pul verir, kimi isə etirazını bildirir. Elə sürücülərdən biri də maşınını bu vəziyyətdə görəndə əsəbi halda pulu uşağın üstünə atıb, qışqırdı: “Sizin əlinizdən hara gedək? Nə ixtiyarla mənim maşınıma toxunursunuz? Mən sahibkaram, koronavirusa görə gün ərzində 1-2 saatlıq evdən çıxıram, siz isə… Bax, sizin kimilərdir virusu daşıyan…”

Məsələnin hüquqi tərəfini qoyaq bir kənara (kiminsə icazəsiz maşınlara yaxınlaşmasına), əsas problem azyaşlıların evdən çıxması ilə bağlıdır. Bu işin nizamlanması heç də hüquq-mühafizə orqanlarının üzərinə düşmür, zatən onların sayı çox azdır və 120 min əhalisi olan şəhərin hər qarışında bir polis işçisinin dayanması mümkün deyil. Həm də indi və gələcəkdə təkcə cəza üsullarından istifadə olunmalı deyil, eyni zamanda əhalinin, vətəndaş cəmiyyətinin ictimai nəzarətinə və qınağına, ehtiyac duyulur.

Davamlı şəkildə dezinfeksiya aparılsa…

Hər il aprelin bu çağında qapı-bacanı bərk-bərk bağlayardıq ki, ağcaqanadlar içəri girməsin. Mənzilə bir ağcaqanadın daxil olması bəs idi ki, səhərə qədər yuxun ərşə çəkilə. Amma bu il vəziyyət dəyişib.  Səbəbi çox sadədir. Çünki martın sonlarından Mingəçevirdə davamlı dezinfeksiya işləri aparılır. Dezinfeksiya Stansiyasının mütəxəssisləri təkcə son 2-3 gün ərzində sərnişindaşıyan 11 ədəd avtobus və mikroavtobusların salonlarını, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələrini, 166 ədəd yüksəkmərtəbəli yaşayış binasının giriş və pilləkən qəfəslərini, 1 fərdi yaşayış massivini, 3 sahibkar obyektini,  2 inzibati binanı, 4 bankomatı, 13 küçəni, 1 MİS-in ərazisində məhəllədaxili yol, məişət tullantıları yığılan 188 ədəd konteyner və tullantı qutususu dezinfeksiya ediblər. Məhz bunun nəticəsidir ki, uzun illərdən bəri adamları narahat edən gəmiricilər və həşəratlar yoxa çıxıb. Mingəçevir İcra Hakimiyyətindən aldığımız məlumata görə, “Koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər” yaşayış və qeyri-yaşayış binalarında, fərdi yaşayış massivlərində, fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində vətəndaşların görə biləcəkləri yerlərdən asılıb.

“Koronavirusun bir faydası oldu ki, şəhərdəki Dezinfeksiya Stansiyasının fəaliiyəti əməlli-başlı hiss edildi. Hər dəfə şikayət edirfik ki, dezinfeksiya aparılsa, milçəkdən, ağcaqanaddan canımız qurtarar, bizi yola verirdilər. Gördünüz, davamlı şəkildə dərmanlayan kimi cür-cücüdən canımız qurtardı. Gələcəkdə də yolxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün belə işlər aparmaq vacibdir”-şəhər sakini Qiyas Lətifov belə deyir.

Bütün iri, orta və kiçik sahibkarlar bir araya gəldilər

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının rəhbəri Səbuhi Abbasovun dediyinə görə, bu çətin günlərdə Mingəçevirdən onlarla ailə ona müraciət edib: “25 martdan başlayaraq bu günə qədər 132 ailəyə yardım etdim. Bəli, yardımların forması müxtəlif idi: Bəzi ailələr ərzağa, bəziləri işıq puluna, bəziləri qaz puluna, bəziləri ev kirayəsinə, bəziləri dərmana, bəziləri geyimə, bəziləri isə maskaya görə müraciət ediblər. Son 3 gündə də 18 ailəyə yardım etdik. Toplam yardım etdiyimiz ailə sayı 150-yə çatdı. Maskadan başqa 150 ailənin digər bütün ehtiyaclarını qarşıladıq. Yaxın günlərdə isə 1500 ailəyə 1500 maska çatdırmaq niyyətindəyəm”.

S.Abbasovun qeyd etdiyi kimi, karantin dönəmində ölkə üzrə ən yaxşı həmrəylik nümunəsi göstərən şəhərlərdən biri MİNGƏÇEVİR oldu: “Demək olar ki, bütün iri, orta və kiçik sahibkarlar bir araya gəldilər, bacardıqları qədər ehtiyacı olan insanların yanında oldular, dəstək oldular. Bu mənada “5+” Supermarketlər şəbəkəsinin və “River Side” otelinin rəhbəri, əziz dostum Mais başda olmaqla bütün heyətə təşəkkür edirəm. Hal hazırda “5+”da ‘İmkanın varsa qoy, imkanın yoxdursa götür’ kampaniyası başlayıb. Bütün aztəminatlı ailələrə bu barədə mütləq məlumat verin. Eyni zamanda,”Qədiroğlu” şəbəkəsinə, “Minor Electroniks”in rəhbərliyinə, Murad qardaşıma, sahibkarlardan, sıravi insanlardan Mirasib Yunisova, Tural Turala, Şahinə, Azər Kərimova, Nərmin Cəfərovaya, Lamiya Ibrahimova-Huseynovaya, İlhamə Raqufa, Şəhər YAP təşkilatının könüllülərinə, YAP Qadınlar şurasına, MDU-nun, Mingəçevir Şəhər Dram Teatrının və Ü.Hacıbəyov adına 11 illik musiqi məktəbinin rəhbərliyinə və kollektivinə, bütövlükdə, bu çətin dönəmdə şəhərimizin üzünü sözün elə əsl mənasında ağ edən, Prezident İlham Əliyevin apardığı sosial siyasətə yaxından könüllü dəstək göstərən hər kəsə təşəkkür edir, qazancınızın bol olmasını arzu edirəm. Hələlik imkanımız bura qədərdi, biraz güc toplayıb, yenidən yanınızda olacağam. Əsas odur Siz #EvdəQalın, dövlətimiz hər şeyi edəcək!”

Tezliklə karantin rejiminin götürüləcəyi mümkünmü?

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 12-nə olan məlumatı əvvəlki günlərlə müqayisədə bir ümid işığı yandırır: “Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 50 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.  Hazırkı dövrədək ölkəmizdə 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 250 nəfər müalicə olunaraq sağalmış, 11 nəfər vəfat etmiş, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66.677 test aparılmışdır”.

Təbii ki, itkilərimiz və hələ də həyatı risk altında qalanlar var, lakin buna baxmayaraq, bizim bu bəladan əksər ölkələrlə müqayisədə daha az itkilərlə çıxacağımız hiss edilir. Milli Məclisin üzvü Aydın Mirzəzadənin fasebook səhifəsində bildirdiyi kimi,  Azərbaycanda karonavirus təhlükəsinə qarşı tətbiq edilən karantin dövründə ilk dəfədir ki, bir gün ərzində sağalanların sayı virusa yoluxanların sayından çoxdur: “Əgər bu statistika bir neçə gün davam edərsə, biz pik nöqtəsini keçmişik və pandemiyanın ölkəmizdə sönməyə doğu getdiyini söyləyə bilərik. Dövlətimizin koronavirusa qarşı gördüyü tədbirlər öz nəticəsini verməkdədir”.

“Bu tendensiya növbəti günlərdə də davam edərsə, yoluxmanın azalması, sağalanların artması baş verərsə, aprelin 20-dən karantin rejiminin götürüləcəyi mümkündür. Əksər mingəçevirlilər bunu yaxşı başa düşdüklərindən tələb olunan qaydalara ciddi əməl edir, evdə qalmaqla prosesin tez başa çatmasına dəstək göstərməyə çalışırlar”-Mingəçevir Valideynlər Assosiassiyasının icraçı direktoru Yeganə Nəbiyeva düşüncələrini bölüşür. O, əlavə edir ki, karantin rejimi başa çatandan sonra da gigiyenik qaydalara ciddi əməl olunmalıdır: “Bu günlərdə Çinin ilk koronavirus yayılan şəhərində fəaliyyətini bərpa edən avtomobil zavodundan reportaj təqdim edirdilər. İnsanlar məsafəni saxlamağa çalışırdılar, ağızlarına maska geymişdilər. Yəqin ki, biz də bu təcrübədən yararlanmalıyıq, daim təmizliyə riayət etməliyik”.

…Xlorlu maddə qarışdırılmış su ilə küçələri yuyan maşın yavaşca yanımızdan ötür. Sürücünün  təbəssümlü siması ilə maşından ətrafa yayılan musiqi səsi sanki bir-birini tamamlayır:

“Küçələrə su səpmişəm,

Yar gələndə toz olmasın…”

Şərhlər bağlıdır.