Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tələbə qızlar gender mövzusunu araşdırırlar

204

Yanvarın 12-də Mingəçevir Media Mərkəzində “Tələbə qızların xəbər dünyası” proqramı çərçivəsində növbəti məşğələ keçirilib.  Bu dəfə gənclərin son bir həftə ərzində gender mövzusunda hazırladıqları məqalələrin müzakirəsi aparılıb. Proqramın rəhbəri və təlimçisi, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev müxbirimizlə söhbətində deyib ki, qısa vaxt ərzində ciddi nəticə əldə edilib: “Doğrusu, proqrama başlayanda o qədər də ümidli deyildik. Təsəvvür edin ki, ali məktəblərin 3-4 il ərzində öyrətdiyini 4-5 günlük proqramla çatdırmaq real görünmürdü. Amma bizim səylərimiz, həm də tələbələrin hədsiz marağı sayəsində mümkün olmayana nail olduq. Tələbə qızlar qadın azadlığına mane olan sterotiplər,  ailədaxili zorakılıq, iş yerlərində ayrı-seçkilik,  təhsil, boşanma və digər mövzularda ciddi araşdırmalar apara bildilər. Təbii ki, bu yazılar ideal səviyyədə deyil, amma əksər KİV-lərin təqdim etdiyi məqalələrlə müqayisədə daha peşəkar hazırlanıb”.

F.Nəbiyevin bildirdiyinə görə, yanvarın 19-da son məşğələnin keçirilməsi planlaşdırılır: “Həmin gün qızlara mi-news.az səhifəsində istifadəçi profillərinin kod və parolları təqdim olunacaq. Onlar bizim köməyimizlə yazılarını səhifəyə daxil edəcək və gələcəkdə sərbəst şəkildə bu işi görə biləcəklər”.

Proqram rəhbəri onu da əlavə edib ki, son məşğələ günü həm də yazıların nümayişi və sertifikatların təqdimatı ilə yadda qalacaq: “Bu mərasimdə tələbələrin valideynlərini və müəllimərini də görəcəyimizə ümid edirik”.

Dekabrın 15-dən Mingəçevirdə başlanan “Tələbə qızların xəbər dünyası” 6 həftəlik təlim proqramı Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin  birgə  həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihəsi  üzrə DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondu ekspertlərinin  icra etdiyi “Qadınların Səsinin Aşkarlanması” təşəbbüsü çərçivəsində  gerçəkləşir.

Şərhlər bağlıdır.