Mingəçevir Dövlət Universitetinin müəllimləri məktəblərdə Zəfər Gününə həsr olunan mühazirələr oxuyublar
2021-ci ilin 3-5 noyabr tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə universitetin bir qrup akademik heyət üzvü tərəfindən şəhərin altı məktəbində yuxarı sinif şagirdləri üçün 44 günlük Vətən Müharibəsi və Zəfər Gününə həsr olunan mühazirələr oxunub.
Üç günlük mühazirə proqramına uyğun olaraq, MDU-nun baş müəllimi İlham Məmmədov Mingəçevir şəhər 16 saylı tam orta məktəbdə, müəllim Leyla Babayeva 4 saylı tam orta məktəbdə, müəllim Vüsalə Mövlayeva 12 saylı tam orta məktəbdə, müəllim Mətanət Yusifova 3 saylı tam orta məktəbdə, müəllim Şəlalə Quliyeva 7 saylı tam orta məktəbdə və müəllim Mirzə Cavadov 13 saylı tam orta məktəbdə “Müasir dünyada ictimai – siyasi fikrin məzmununu dəyişmiş 44 günlük Vətən Müharibəsinin yekunları: Qarabağ Zəfəri” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə otuz il ərzində torpaqlarımızın işğal altında olması və erməni vandalizminə məruz qalmasından, münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən, Vətən Müharbəsinin başlanmasından, müzəffər Ali Baş Komandanın qətiyyətli siyasətindən, qəhrəman əsgər və zabitlərin şücaətindən, möhtəşəm qalibiyyətin əldə edilməsini şərtləndirən başlıca amillərdən, tarixi Zəfərdən sonra bölgədə yaranan yeni reallıqlar və imkanlardan, Qarabağın dirçəlişi istiqamətində görülən irimiqyaslı quruculuq işlərindən danışılıb.
Məktəblərin şagird və müəllim kolektivi üzvləri tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb. Faydalı mühazirəyə və maraqlı müzakirələrə görə MDU-nun müəllimlərinə, eləcə də göstərdikləri dəstəyə görə universitetin və şəhər təhsil şöbəsinin rəhbərliyinə təşəkkürlərini bildirən məktəblilər proqramın icrasından məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, Vətən Müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə MDU-da müxtəlif formatlı silsilə tədbirlər keçirilir. Sözügedən mühazirələr Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində reallaşdırılıb.
Şərhlər bağlıdır.