Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti və KTO Karatay Universitetinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan konfrans keçirilib

187

5 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin KTO Karatay Universiteti arasında əməkdaşlıq çərçivəsində Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan birgə elmi konfrans keçirilib. Konfransda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın açılışında Zəfər bayramı münasibətilə  təbriklərini çatdıran MDU-nun rektoru Şahin Bayramov belə bir ortaq tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə KTO Karatay Universitetinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində doğma Qarabağın işğaldan azad olunduğunu və tarixi ədalətin bərpa edildiyini deyən Ş.Bayramov şanlı Qələbənin hər birimizə sonsuz sevinc və fəxarət hissləri yaşatdığını bildirib. Tarixi Zəfərin qazanılmasına görə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza borclu olduğumuzu vurğulayan rektor onların əziz xatirəsinin heç zaman unudulmayacağını və daim böyük ehtiramla yad ediləcəyini qeyd edib.

Türkiyənin daim Azərbaycan xalqının yanında olmasından və böyük mənəvi dəstək göstərməsindən danışan Ş.Bayramov ortaq tarixə, dilə, dinə və mədəniyyətə sahib iki ölkə arasındakı qardaşlıq münasibətlərinin qalibiyyətdən sonra daha yüksək səviyyəyə çatdığını söyləyib. Postmüharibə dövründə regionda yeni geosiyasi mənzərənin formalaşdığını və Azərbaycan-Türkiyə birliyinin əsas güc faktorlarından birinə çevrildiyini diqqətə çatdıran rektor Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən işbirliyindən bəhs edib.

Yeni dönəmdə iki universitet arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyindən söhbət açan Ş.Bayramov bu nöqteyi-nəzərdən konfransın faydalı olacağına inandığını söyləyib və iştirakçılara uğurlar arzulayıb.

Konfrans iştirakçılarını salamlayan KTO Karatay Universitetinin prorektoru Çağatay Ünüsan MDU ilə birlikdə türk dünyası tarixinin şanlı səhifələrini təşkil edən Qarabağ Zəfərinin birinci ildönümünün qeyd edilməsindən məmnunluğunu ifadə edib və konfransın təşkilində əməyi olanlara təşəkkür edib.

Azərbaycan dövləti tərəfindən 8 Noyabr tarixinin rəsmi olaraq Zəfər Günü kimi təntənəli şəkildə qeyd edildiyini vurğulayan Ç.Ünüsan əlamətdar hadisə münasibətilə konfrans iştirakçılarına təbriklərini çatdırıb

Tarixboyu türk dövlətlərinin böyük haqsızlıqlara və təzyiqlərə məruz qalmasından və vətənlərinin istiqlalı üçün böyük mücadilələr verməsindən danışan prorektor 44 günlük Vətən Müharibəsində türk dünyasının qəhrəmanlıq salnaməsinin yazıldığını bildirib və torpaqların işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.

Müharibədən sonra Türkiyə və Azərbaycan qardaşlıq münasibətlərində yeni mərhələnin başlandığını diqqətə çatdıran Ç.Ünüsan hazırda Qarabağda aparılan quruculuq işlərinin fonunda elm və texnologiyalar sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətindən bəhs edib, bu məqsədlə hər iki universitet arasında işbirliyinin potensial genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Daha sonra, konfransın proqramına uyğun olaraq KTO Karatay Universitetindən professor Murat Canıtez “Qarabağ Zəfərinin birinci ildönümü ərəfəsində: Türkiyə – Azərbaycan və Türk Dünyası üçün beynəlxalq ticarət və logistika baxışı”, müəllim Fatma Didem Tunçes “Millətimiz bir, enerjimiz bir”, MDU-dan baş müəllim İlham Məmmədov “Türk torpaqlarına qayıdış yeni tariximizin şanlı bir səhifəsidir” və müəllim Yeganə Məmmədli “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının kənd təsərrüfatı potensialı və modernləşmə perspektivləri” mövzularında çıxış ediblər.

Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə MDU-da qardaş ölkənin tərəfdaş universitetləri ilə birlikdə silsilə tədbirlər keçirilir.

Şərhlər bağlıdır.