AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetinin kollektiv üzvləri şəhid məzun Oruc Nəcəflinin xatirəsini anıblar

2021-ci ilin 6 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) məzunu Oruc Nəcəflinin şəhadətə yüksəlməsinin bir ili tamam olub. MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir Şəhidlər xiyabanını ziyarət edən universitetin bir qrup tələbə və müəllim kollektivi üzvü qəhrəman məzunun məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Bildirilib ki, Oruc Nəcəfli 6 oktyabr 1989-cu ildə Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 saylı tam orta məktəbi bitirdikdən sonra 2007-2011-ci illərdə Mingəçevir Politexnik İnstitutunda (indiki Mingəçevir Dövlət Universiteti) “İnformatika və hesablama texnikası” ixtisası üzrə ali təhsil alıb. O, 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.

2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı cəbhəyə yollanan O.Nəcəfli Suqovuşanın azadlığı uğrunda, həmçinin Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. “Tülkü dərəsi” adlandırılan ərazidə şəhidlik zirvəsinə ucalan qəhrəman məzun noyabrın 6-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən O.Nəcəfli “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhidlik zirvəsinə ucalıb. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi və müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi məqsədi ilə Tələbə Vətənpərvərlik İnkişaf Mərkəzi yaradılıb.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker