AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları Bakı Qida Hakatonunun qalibi olublar

Mingəçevir Dövlət Universitetinin (MDU) gənc əməkdaşları Elvin Muradzadə və Nurlan Əzizlinin təmsil etdikləri Agrinova komandası Bakı Qida Hakatonunun qalibi olub. 27-28 noyabr tarixlərində keçirilən hakaton Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nin maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun reallaşdırdığı “AgriVision” layihəsi çərçivəsində təşkil edilib.

Diqqətə çatdırılıb ki, hakaton sağlam qidalanma vərdişlərinin təbliği, yerli qidaların istehlakına həvəsləndirmək və Azərbaycanda qida ilə bağlı problemlər üçün innovativ həllər yaratmaq məqsədi daşıyır.

Ümumilikdə 55 nəfər olmaqla 13 komandanın yarışdığı hakatonda iştirakçılara dəstək üçün yerli və xarici təcrübəli mentorlar cəlb olunub.

Qalibi aqrar xidmət və innovasiya sahəsində yüksək profilli ekspertlər daxil olmaqla dəvət olunmuş münsiflər heyətinin üzvləri seçiblər. Münsiflər sırasında “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Aqrar Kredit və İnkişaf Agentliyinin sədrinin müavini Cəfər Məhərrəmov, Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Anar Cəfərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədova yer alıblar.

Hakatonda birinci yerə layiq görülən MDU-nun gənc əməkdaşlarından ibarət Agrinova komandası 5000 avro qazanıb.

Dekabrın 3-də MDU-nun rektoru Şahin Bayramov qalib komandanın üzvləri ilə görüşüb. Görüşdə universitetin Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev də iştirak edib.

Kənd təsərrüfatı sahəsinin dəstəklənməsinə yönələn hakatonda təqdim edilən innovativ həllər arasında MDU əməkdaşlarının layihəsinin qalib seçilməsi münasibətilə təbriklərini çatdıran rektor universiteti layiqincə təmsil etdiklərinə görə gənclərə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da gənclərin innovativ ideyalarının dəstəklənməsi və startap fəaliyyətlərinin təşviq edilməsi diqqət mərkəzində saxlanılır.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker