AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə uğurla başa çatıb

2021-ci ilin 3 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ABŞ-ın Azərbaycandakı Səfirliyi və “Resource Hub”-ın birgə tərəfdaşlığı ilə həyata keçirilən “Bu gün hərəkət et, sabah dəyiş” adlı ingilis dilinin tədrisi layihəsi çərçivəsində “İngilis dili Festivalı” təşkili edilib.

Festival zamanı təlimləri müvəffəqiyyətlə başa vurmuş MDU-nun akademik heyət üzvləri tərəfindən universitetin tələbələri, Bərdə və Mingəçeviri təmsil edən orta və peşə təhsil müəssisələrinin müəllimləri üçün 11 izləmə fəalyyəti, o cümlədən təlimlər, seminarlar, açıq dərslər təşkil olunub və layihənin bağlanış tədbiri keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov universitetdə Xarici dil müəllimliyi (İngilis dili) ixtisası üzrə pedaqoji kadrların hazırlanması işinin təkmilləşdirilməsi ilə yanaşı, digər ixtisaslarda təhsil alan tələbələrin də xarici dil biliklərinin artırılmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Bu istiqamətdə akademik potensialın gücləndirilməsi, tədrisin məzmununun yenilənməsi, tələbə və müəllimlərin bilik və bacarıqlarının artırılması baxımından layihənin əhəmiyyətindən söhbət açan rektor belə bir proqramın ərsəyə gəlməsində və reallaşdırılmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

MDU ilə “Resource Hub” arasında gələcək əməkdaşlıq imkanlarından bəhs edən Ş.Bayramov həm universitetin, həm də regionda yerləşən digər təhsil müəssisələrinin akademik heyət üzvləri və təhsilalanları üçün faydalı layihələrin həyata keçiriləcəyinə əmin olduğunu söyləyib.

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Zamiq Cəbiyev ingilis dilinin tədrisi ilə bağlı MDU-da keçirilən sözügedən layihənin universitetlə yanaşı, Mingəçevir şəhərindəki orta təhsil müəssisələrinə də töhfə verməsindən danışıb, layihənin bütün tərəfdaş və təşkilatçılarına təşəkkür edib və bu cür təşəbbüslərin davamlılığını arzulayıb.

Son dövrdə MDU ilə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan Mingəçevir Peşə Məktəbinin (MPM) direktoru İlham İlyasov layihə çərçivəsində ümumi, peşə və ali təhsil müəssisələri arasında yeni formatda tərəfdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. MPM və Bərdə Peşə Liseyinin də layihədən faydalanmasından məmnunluğunu ifadə edən İ.İlyasov layihə iştirakçılarının mənimsədikləri müasir təlim texnologiyalarının qısa müddət ərzində tədris fəaliyyətinin keyfiyyətinin yüksəlməsində özünü doğruldacağına əminliyini bildirib.

Layihənin əsas tərəfdaşlarından biri olan “Resource Hub” platformasının təsisçisi Gülnarə İsmayılova ingilis dili müəllimlərinin yenilikçi tədris yanaşmasının təmin edilməsinə, tələbələrin dil bilikləri və bacarıqlarının artırılmasına hədəflənən layihənin nəticələrindən bəhs edib və gələcək əməkdaşlığın potensial istiqamətləri barədə fikirlərini bölüşüb.

Diqqətə çatdırılıb ki, 2021-ci ilin 30 avqust tarixindən etibarən icrasına başlanılan və dörd ay müddətində davam edən layihədə MDU-nun 20 nəfər müəllim heyəti və 30 nəfər tələbəsi iştirak edib. Layihə çərçivəsində ingilis dilinin tədrisi ilə məşğul olan akademik heyət üzvləri və tələbələr üçün hibrid formatda təlimlər təşkil edilib. Müəllimlərin təlim proqramı oxu dərslərinin mərhələləri və strategiyaları, dinləmə bacarıqlarının tədrisi metodları, ekstensiv və intensiv dinləmə, tənqidi dinləmə və dil öyrənmə, dinləmənin tədrisində onlayn resurslardan istifadə, oxu fəaliyyəti və texnikası, öyrənmə nəticələrinin artırılması, analitik oxu və mətn təfsiri, oxu bacarıqlarının qiymətləndirilməsi üsulları və digər mövzuları əhatə edib. Tələbələr üçün nəzərdə tutulmuş təlimlər isə onların ingilis dili biliklərinin, oxu, yazı və danışma qabiliyyətlərinin artırılmasına hədəflənib. Layihə müddətində müəllimlərin əldə etdikləri bilik və bacarıqların ingilis dilinin tədrisində tətbiqi nəticələri ilə bağlı müvafiq monitorinqlər aparılıb.

Tədbirin sonunda layihəni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da kadr potensialının və təhsilalanların hərtərəfli inkişafına xidmət edən fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir. Bu istiqamətdə aparılan işlərin daha mühüm nəticələr verməsi məqsədilə, aparıcı yerli və xarici universitetlər, vətəndaş cəmiyyəti institutları, xarici ölkələrin səfirlikləri və digər təşkilatlarla ortaq layihələrin yerinə yetirilməsinə yüksək diqqət göstərilir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker