Mingəçevir Dövlət Universitetinin (MDU) “Crisis Heroes” komandası cari ilin 3-5 iyul tarixlərində təşkil olunan “Aquahack” ilk virtual yarışmasında uğurla iştirak edib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin İnkişaf Proqramı və “Hackathon Azerbaijan” komandasının birgə təşkilatçılığı ilə keçirilən “Aquahack” hakatonunun məqsədi mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun əhəmiyyətinə dair maarifləndirmə işinə töhfə vermək olub.
Yarışmada iştirak üçün müraciət edən 68 komandadan 61-i seçim mərhələsinə buraxılıb. Müsabiqənin meyarlarına cavab verən 49 komanda (180 iştirakçı) yarışda iştirak hüququ qazanıb. MDU-nun “Crisis Heroes” komandası yarışmanın finalına yüksələn 36 komanda arasında yer almağı bacarıb.
Komandalar tərəfindən təqdim edilən və mövcud su problemlərinin həllini hədəfləyən layihələr maşın öyrənməsi, daşqınları proqnozlaşdıran tətbiqlər, ağıllı suvarma sistemləri və digər innovativ həlləri əhatə edib.
“Crisis Heroes” komandası hakatonda “Artificial Irrigation” (süni suvarma) adlı layihə ilə iştirak edib. Layihənin məqsədi süni suvarma vasitəsilə artıq su sərfini minimuma endirmək, suvarma zamanı yaranan şoranlaşma və erroziyanın qarşısını almaq və vaxta qənaət etməkdən ibarət olub. Layihə çərçivəsində yaradılacaq mobil tətbiq suvarmanın sahəyə getmədən həyata keçirilməsini nəzərdə tutur.
Layihə “Aquahack” hakatonunun münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Təşkilatçılar layihənin reallaşdırılması üçün “Crisis Heroes” komandasının müvafiq texniki avadanlıqlarla təchiz edilməsinə qərar veriblər. Komandanın üzvləri sertifikat və hədiyyələrlə təltif olunublar.
Komandanın bir qrup üzvü ilə görüşən MDU-nun rektoru Şahin Bayramov tələbələri uğur münasibətilə təbrik edib və sözügedən layihənin reallaşdırılması istiqamətində zəruri dəstəyin göstəriləcəyini bildirib. Ş.Bayramov MDU tələbələrinin startap fəaliyyətinə daha fəal cəlb olunması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Şərhlər bağlıdır.