AzərbaycanMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2021-ci ilin 11 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin imtahan sessiyası çərçivəsində beşinci “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.

Onlayn “Açıq qapı” günlərinin universitetdə çevik və səmərəli idarəetmənin təmin olunmasında tətbiq edilən faydalı kommunikasiya alətlərindən biri olduğunu vurğulayan rektor payız imtahan sessiyası müddətində bu formatda tələbə və magistrantlarla keçiriliən silsiləvi görüşlərin əhəmiyyətindən bəhs edib.

MDU-da mövcud reallıqları nəzərə alaraq, xüsusi həssaslıqla təşkil edilən cari imtahan sessiyasının uğurla başa çatdığını qeyd edən Ş.Bayramov bakalavriat və magistratura səviyyələri üzrə təhsilalanların onlayn imtahanlarda nümayiş etdirdikləri yüksək fəallıq və müvəffəqiyyət göstəriciləri barədə məlumat verib.

Payız imtahan sessiyası müddətində MDU-da “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu”, “Texniki dəstək qrupu”, “Apellyasiya Komissiyası” və tələbələrdən ibarət “Könüllülər qrupu”nun fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor imtahanların obyektiv, şəffaf və mütəşəkkil keçirilməsinə töhfə verən universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərinə, tələbə və magistrantlara təşəkkürünü bildirib.

Daha sonra müraciətləri dinlənilən tələbə və magistrantlar imtahan sessiyasının effektiv təşkilindən, pandemiya dövrünün çətinliklərini nəzərə alaraq universitet rəhbərliyi və kollektivinin xüsusi diqqəti və həssaslığından razılıqlarını ifadə ediblər.

Görüşdə növbəti semestrdə universitetdə tədrisin təşkili vəziyyəti, təcrübələrin keçirilməsi, xarici və yerli universitetlərlə əməkdaşlığın genişləndirilməsi, karyera inkişafı və digər məsələrlə bağlı tələbələrin sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, cari ildə hər həftənin cümə axşamı günü olmaqla beş “Açıq qapı” günü təşkil edilib. Cari imtahan sessiyası ərzində əvvəlki “Açıq qapı” günləri müvafiq olaraq 14 yanvar, 21 yanvar,  28 yanvar və 4 fevral tarixlərində keçirilib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close