Bizimlə həyatınız həmişə işıqlı olacaq!

DƏDRX 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi barəsində qətimkan tədbiri seçilib

Mingəçevir şəhər prokurorluğunun yaydığı  məlumata görə,  Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi Rövşən İsmayılovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında  araşdırma aparılıb. Məlum olub ki, həmin şəxs Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən və AzərSu ASC-nin balansında olan 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı Elçin Abbasova 700 manat pul müqabilində verib. Habelə həmin torpaq sahəsinə Mingəçevir bələdiyyəsinin sabiq sədrinin adından saxta “torpaq sahəsinin cizgisi” sənədini hazırlayaraq vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanıb. Rövşən İsmayılov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Şərhlər bağlıdır.